İran Hörmüz boğazını açmaq üçün tək şərt açıqladı

“Hörmüz boğazı İrana qarşı hücumların vurduğu zərərin yeni keçid statusu ilə əldə ediləcək gəlirin bir hissəsi hesabına kompensasiya edilməsindən sonra açılacaq”.

Bunu İran Prezident Administrasiyasının rəsmisi Mehdi Təbətabai “X” sosial şəbəkə hesabında bildirib.

Onun sözlərinə görə, yeni keçid statusu vasitəsilə əldə ediləcək gəlirlər vurulan zərəri kompensasiya etdikdən sonra Hörmüz boğazı yenidən açılacaq. Mehdi Təbətabai həmçinin ABŞ prezidenti Donald Trumpın təhdidlərinə də cavab verib.

İran rəsmisi ABŞ prezidentinin “İranı daş dövrünə qaytaracağıq” sözlərinə toxunaraq bildirib ki, “Tramp qəzəb və çarəsizlik səbəbilə mənasız danışır”.

Digər tərəfdən İran xəbərdarlıq edib ki, əgər ABŞ prezidenti ölkənin enerji infrastrukturuna qarşı hücum təhdidlərini həyata keçirsə, Hörmüz boğazı ilə yanaşı Babul-Məndəb boğazı da bağlana bilər.

İranın ali lideri Ayətullah Əli Xameneinin müşaviri Əli Əkbər Vilayəti sosial şəbəkə hesabında paylaşdığı mesajda Trampın təhdidlərini dəyərləndirib.

O yazıb:

“Müqavimət Cəbhəsinin komanda mərkəzi Babul-Məndəb boğazını Hörmüz boğazı kimi görür. Əgər Ağ Ev ağılsız səhvlərini təkrarlamağı planlaşdırırsa, enerji axınının və qlobal ticarətin tək bir addımla dayandırıla biləcəyini tezliklə anlayacaq”.

Həmçinin Donald Trump deyib:

“İran tez bir zamanda razılaşma əldə etməsə, hər şeyi partlatmağı və nefti ələ keçirməyi düşünürəm. Ölkə üzrə körpülərin və enerji stansiyalarının dağıdıldığını görəcəksiniz.

Düşünürəm ki, sabah razılaşma əldə edə bilərəm. Sabah üçün yaxşı şans var. Hazırda danışıqlar aparılır”.