"Kürü diplomatiyası"nın 10 illiyi AŞPA binasında qeyd olunacaq

Azərbaycan hakimiyyətinin "kürü diplomatiyası" nəticəsində qəbul olunmamış Ştrasser qətnaməsinin Strasburqda AŞPA binasında ildönümü qeyd ediləcək.

AŞPA-dakı rüşvət biabırçılığının ifşa edilməsində ciddi rol oynamış Knaus və Şvabe də tədbirdə iştirak edəcəklər.

Qətnamə müəllifi Ştrasser də tədbirə qatılacaq.

Xatırladaq ki, Avropanın tanınmış analitik mərkəzinin iddia etdiyinə görə, 2012-ci ildə Azərbaycan höküməti kürü və digər bahalı hədiyyələrdən Avropa Şurasının dəstəyini satın almaq üçün və demokratiya və insan haqları sahəsində acınacaqlı vəziyyəti tənqid edənləri susdurmaq üçün istifadə edib. "Avropa Sabitliyi Təşəbbüsü" adlı mərkəzin hesabatında deyilirdi ki, Avropa Şurası Parlament Assambleyasında Azərbaycanın dostlarından olan deputatlar Bakıya səfərə gələndə, onlara kürü, ipək xalça, qızıl və gümüş əşyaları və nəğd pul kimi hədiyyələr təqdim olunub. Gəldikləri nəticələrin Azərbaycan və Avropa ölkələrindən olan rəsmilərlə aparılmış müsahibələrə əsaslandığını qeyd edən hesabat müəlliflərinə görə, məhz həmin nəticələr "Azərbaycanın avtoritar hakimiyyətinin" törətdiyi pozuntular barədə vəzifəsi qitə demokratiyasının keşiyində durmaq olan Avropa Şurasının əsasən niyə susduğunu izah edir.

 

Azadlıq Qəzeti