“Kanal 13” internet televiziyasının rəhbərinin evində və ofisində axtarış aparılır

Noyabrın 27-də axşam saatlarında istintaq orqanı “Kanal 13” internet televiziyasının rəhbəri Əziz Orucovun yaşadığı evdə axtarış aparıb. Hazırda “Kanal 13-ün ofisində axtarış davam etdirilir.

Vəkil Bəhruz Bayramov Amerikanın Səsinə deyib ki, axtarış məhkəmə qərarı ilə aparılır. “”

"Əziz Orucov Bakıda, “20-ci Sahə” adlandırılan ərazidə neçə illər əvvəl torpaq sahəsi alıb, guya orada qanunsuz ev tikib. Axtarış bu əsasla başlayıb. Amma evində axtarış aparıldıqdan sonra indi ofisində axtarış davam etdirilir", o qeyd edib.

Əziz Orucovun həyat yoldaşı Lamiyə Orucova Amerikanın Səsinə bildirib ki, yaşadıqları evdə 8 nəfər polis əməkdaşı axtarış aparıb.

“Onlardan birinin üzü açıq, qalanları maskalı idi. Nə axtardıqları barədə hər hansı məlumat vermədilər. Əzizi də aparıb getdilər. Onu hara aparacaqları barədə məlumat vermədilər”, o qeyd edib.

Rəsmi qurumlardan jurnalistin evində və ofisində aparılan axtarışla bağlı hələ münasibət öyrənmək mümkün olmayıb.

Axtarış bəzi media vasitələrində Avropa və ABŞ təşkilatlarının ölkəyə gətirilən qrantların qanunsuz oması ilə bağlı yazıların dərcindən və “Abzas Media” internet dərgisinin direktoru, direktor müavini və baş redaktorunun həbsindən sonraya təsadüf edir.

Bundan öncə Əziz Orucov 2017-ci ilin mayında qanunsuz sahibkarlıq və vəzifə səlahiyyətlərindən sui istifadə ittihamı ilə saxlanılıb, 2017-ci ilin dekabrın 15-də 6 il həbsə məhkum edilib. O özünü təqsirkar bilməyib.

2018-ci il arelin 4-də Ali Məhkəmə hakim Əli Seyfəliyevin sədrliyi ilə Əziz Orucovun azadlığa buraxılması barədə qərar qəbul edib.

Məhkəmə jurnalistin hərəkətində cinayət tərkibinin olmadığını nəzərə alaraq, 192.2.2-ci maddə (qanunsuz sahibkarlıq) üzrə ittihamı Orucovun üzərindən götürüb.

308.2-ci maddə (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) üzrə ittiham isə daha yumşaq - 308.1-ci maddəyə tövsif edilib.

Onun cəza müddəti 3 ilədək azaldılıb və məhkəmə Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edib - üç il sınaq müddəti olmaqla şərti cəzanın tətbiqi və jurnalistin həbsdən azad edilməsi barədə qərar qəbul edib.