İsrail qüvvələri fələstinlilərin Qüdsə keçməsinə mane olub

İsrail qüvvələri Ramazan ayının son cümə namazını Əqsa məscidində qılmaq istəyən fələstinlilərin işğal altındakı İordan çayının qərb sahilindən Qüdsə keçməsinə mane olub.

Operativtv.com Az.rasthaber.com xəbər verir ki, Şahidlər İsrail qüvvələrinin İordan çayının qərb sahili ilə Qüds arasında  qurulan nəzarət məntəqələrinə əlavə qüvvələr göndərdiyini, bəzi fələstinlilərin şəxsiyyətlərini yoxlayaraq keçməsinə icazə vermədiyini bildirib.

İordan çayının qərb sahilindən Qüdsə keçmək istəyən fələstinlilər Qüdsün şimalındakı Kalendiya keçid məntəqəsində və şəhərin cənubundakı “300” adlı keçid məntəqəsində uzun növbələr yaradıblar.

Yaş həddinə riayət etmələrinə baxmayaraq İsrail qüvvələri bəzi kişilərin təhlükəsizlik səbəbi ilə içəri girməsinə icazə verməyib.

Bir çox insan müxtəlif səbəblərdən keçid məntəqələrindən geri dönməli olub.

Digər tərəfdən, bəzi fələstinlilər İordan çayının qərb sahili ilə Qüds arasındakı Ayrılıq Divarını (Utanc Divarı) keçərək Əqsa məscidinə getməyə çalışsalar da, İsrail qüvvələrinin törətdiyi maneələr səbəbindən istədiklərinə nail ola bilməyiblər.
İsrail martın 20-də aldığı qərarla fələstinlilərə Ramazan ayında Əqsa məscidində cümə namazı qılmaq istəyənlərə yaş məhdudiyyəti qoyub.

İşğal altındakı İordan çayının qərb sahilində yaşayan fələstinli qadınların, 12 yaşdan kiçik uşaqların və 56 yaşdan yuxarı fələstinli kişilərin cümə günləri Əqsa məscidinə namaz qılmaq  üçün icazəsz  işğal altındakı Şərqi Qüdsə gələ biləcəyi açıqlanıb.

Əqsa məscidinə namaz qılmaq üçün getmək istəyən 45-55 yaş arasındakı fələstinli kişilərdən  xüsusi icazə tələb olunurdu.

İşğal altındakı İordan çayının qərb sahilində yaşayan fələstinlilər, işğal altındakı Şərqi Qüdsdə, İsrail tərəfindən qurulmuş təhlükəsizlik divarından kənarda yerləşən Əqsa məscidi kimi müqəddəs məkanları ziyarət etmək və İsrail daxilindəki qohumlarını görmək  üçün xüsusi icazə almalıdırlar.

İşğal olunmuş İordan çayının qərb sahilindən çıxmaq üçün fələstinlilər təhlükəsizlik divarı boyunca yerləşən 23 keçid məntəqəsindən birini istifadə etməlidirlər.