Hüquq müdafiəçisi: Hakimiyyət orqanları Bəxtiyar Hacıyevə qarşı qisasçı münasibətdən çəkinməlidir

“Hakimiyyət orqanları Bəxtiyar Hacıyevə qarşı hazırda yeni xüsusi bir intiqam prosesi, qisas sürəci həyata keçirməkdədir. Məndə olan məlumatlara görə, istintaq indiyədək olan saxta ittihamlarla kifayətlənmir, yeni-yeni uydurma nüansları irəli çəkir”.

Bu barədə “Müdafiə Xətti” hüquq müdaifə təşkilatının icraçı direktoru Rüfət Səfərovun video bəyanatında deyilir.

Hüquq müdafiəçisinin sözlərinə görə, Bəxtiyar Hacıyevin 44 günlük müharibə zamanı hərbçilərə çatdırdığı yardımlar ciddi çəkildə təftiş edilir.

“Bəxtiyar Hacıyev bu təftişləri qəti şəkildə qınayır. Bütün yardımların maliyyə mənbələrinin şəffaf olduğunu bildirir. Yardımların çatdlırılması, qaimələri şəffafdır. Yardımların çatdırılması Dövlət Təhlükəsizliyi Xidməti və Daxili İşlər Nazirliyinin rəhbər şəxsəri ilə koordinasiyalı şəkildə həyata keçirilib. Bu yaxınlarda Bəxtiyar Hacıyev vəkilləri vasitəsi ilə də açıqlama yayacaq”, o qeyd edib.

Hüquq müdafiəçisi təəssüflə bildirir ki, komandası ilə birgə hesabatlı şəkildə fəaliyyəitinə görə dövlət hakimiyyəti orqanları tərəfindən mükafat, təşəkkürnamə və ya orden və medallarla təltif edilmək əvəzinə bu gün repressiya altında olan Bəxtiyar Hacıyevin ittihamlarının üzərinə həm də bu saxta müstəvini gəlirlər.

“Guya etibar edilmiş vəsaiti, əmlakı komandası ilə bərabər mənimsəyib və ya öz şəxsi mənfəəti üçün xərc edib. Hətta bəzi dairələr Bəxtiyarın hərbçilərə apardığı yardımları Corc Sorosla əlaqələndirir. Guya Sorosdan aldığı vəsaitin bir hissəsini hərbçilərə verib, bir hissəsini də mənimsəyib”, o qeyd edib.

Rüfət Səfərov hesab edir ki, “bütün təqiblər ictimai rəydə Bəxtiyar Hacıyevin diskreditasiyasına yönəlib”.

“Çox təəəssüf ki, dövlət başçısı İlham Əliyev, daxili işlər naziri Vilayət Eyvazov siyasi məhbus Bəxtiyar Hacıyevə qarşı belə qisasçı münasibətini davam etdirməkdədir. Hakimiyyət orqanları belə qisasaçı münasibətdən, tənqidçilərinə qarşı düşmən münasibətdən çəkinməlidir. Burada nəzərə almaq lazımdır ki, bir tərəf müstəqil şəxsdir, ictimai fəaldır, tənqidçidir, ola bilər ki, subyekt haradasa özünü uğursuz ifadə edə bilər və ya tənqidin sərhədlərini aşa bilər. Amma digər tərəf dövlətin adından çıxış edir, dövlətin siyasi və hüquqi sifətidir. Dövlət adından çıxış edən sifətlər vətəndaşla belə davranmamlıdır”, o qeyd edib.

Öz növbəsində Daxili İşlər Nazirliyinin Mətbuat xidməti Amerikanın Səsinin yuxarıda deyilənlərlə bağlı sorğusuna hələ münasibət bildirməyib.

Bəxtiyar Hacıyev 2022-ci il dekabrın 9-da xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə həbs edilib.

Dekabrın 15-də Hacıyev azadlığa buraxılması tələbi ilə aclıq aksiyasına başlayıb. O, ictimaiyyət nümayəndələrinin və ailə üzvlərinin israrlı çağırışlarından sonra dekabrın 28-də aclıq aksiyasına son qoyub. Lakin yanvarın 9-da Bakı Apellyasiya Məhkəməsi onun həbsdən azad olunmasını rədd etdikdən sonra o, aclıq aksiyasını bərpa edib. Hacıyev aclıq aksiyasının 51-ci günündə aclığı dayandırıb.

Bu il iyunun 16-da istintaq orqanı Bəxtiyar Hacıyevə qarşı Cinayət Məcəlləsinin 192-ci (Qanunsuz sahibkarlıq), 193-cü (Yalançı sahibkarlıq), 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma), 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə), 206.1-ci (Qaçaqmalçılıq) maddələri ilə yeni ittihamlar irəli sürüb.

Vəkil Elçin Sadıqov Amerikanın Səsinə bildirib ki, ittihamlar Bəxtiyar Hacıyevin ictimai və hüquq müdafiəçisi kimi fəaliyyəti ilə bağlıdır.

“Yeni ittihamlar QHT işlərində olan ittihamlardır. Guya Bəxtiyar Hacıyev qrantlar alıb və təyinatı üzrə xərcləməyib. Bəxtiyar Hacıyev ittihamları qəbul etmir. O bildirdi ki, ittihamlar onun ictimai və hüquq müdafiəçisi fəaliyyəti ilə bağlıdır. Bu ittihamlar təqibin əsas mahiyyətini göstərir,” vəkil bildirib.

Məhkəmə Hacıyev barəsində müxtəlif vaxtlarda həbs qətimkan tədbirinin uzadılması barədə qərarlar qəbul edib. Sonuncu dəfə iyulun 22-də Xətai Rayon Məhkəməsi istintaq orqanının vəsatəti əsasında fəal barəsində həbs qətimkan tədbirini oktyabrın 8-dək uzadıb.

ABŞ Dövlət Departamenti, ABŞ Helsinki Komissiyası, Avropa İttifaqı, Avropa Şurası və bir sıra beynəlxalq QHT nümayəndələri dəfələrlə Bəxtiyar Hacıyevin həbsdən azad olunmasını tələb edib.