Hindistan və Rusiya ticarət münasibətlərini gücləndirirlər

50 nəfərlik hindistanlı biznes nümayəndə heyəti bazar ertəsi Rusiyaya dörd günlük səfərə başlayır. Onlar iki ölkə arasında Rusiyanın Ukraynaya təcavüzündən sonra inkişaf edən iqtisadi əlaqələri dərinləşdirmək niyyətindədirlər.

Bununla bərabər, Hindistan və Rusiya azad ticarət sazişi üzrə də danışıqlar aparmaqdadırlar. Bu barədə həftənin əvvəli Rusiya baş nazirinin müavini Denis Manturovun Yeni Dehliyə səfəri zamanı hər iki ölkənin nazirləri bildiriblər.

Son aylarda Moskva Hindistanın ən böyük xam neft tədarükçüsünə çevrilib. Belə ki, sanksiyalara görə Rusiya Asiya ölkələri ilə daha çox ticarət fürsətləri axtarışındadır.

Yeni Dehli nə Qərbin Moskvaya tətbiq etdiyi sanksiyalara qoşulub, nə də Rusiyanın Ukraynaya müdaxiləsini açıq şəkildə pisləyib. Bununla bərabər, Hindistan münaqişənin danışıqlar yolu ilə həllinə çağırışlar edir.

Hindistan həmçinin Qərbin Moskvadan tədricən uzaqlaşmaq çağırışlarına baxmayaraq, Rusiya ilə iqtisadi əlaqələrini gücləndirməyə davam edir.

Rusiyaya gedən Hindistanın biznes nümayəndə heyətinin Moskva və Sankt-Peterburqda alıcılarla görüşü gözlənilir.

“Biz Rusiyada imkanlar görürük və buna görə də bu nümayəndə heyətini bir araya gətirdik. Bu heyət ərzaq və kənd təsərrüfatı məhsulları bazarlarını araşdırmağa hazırlaşır”, - Hindistan İxrac Təşkilatları Federasiyasının baş direktoru Ajay Sahai Amerikanın Səsinə bildirib.

Sahainin sözlərinə görə, məqsəd bu il Hindistanın Rusiyaya ixracını ikiqat artırmaq və təxminən 5 milyard dollara çatdırmaqdır.