Dünya Bankı Azərbaycanın Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə 2 milyon dollar qrant ayırıb

Dünya Bankı Azərbaycanda məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması məqsədi ilə 2 milyon ABŞ dolları qrant ayırıb.

Dünya Bankının məlumatında deyilir ki, iyunun 2-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə Azərbaycanda Məcburi Köçkünlərin Həyat Şəraitinin Yaxşılaşdırılması Layihəsinin maliyyələşdirilməsi ilə bağlı qrant Sazişi imzalanıb.

Üç il müddətində icra olunacaq layihə bankınn idarə etdiyi Dövlət və Sülh Quruculuğu Fondu tərəfindən maliyyələşdiriləcək.

Layihənin məqsədi Azərbaycanda həssas vəziyyətdə olan məcburi köçkün ailələri üçün vətəndaş fəallığını, texniki bacarıqları və gəlir əldə etmək imkanlarını artırmaqdır.

“Bu gün, bir çox məcburi köçkünlərin öz evlərinə qayıtma perspektivinin daha aydın olduğu şəraitdə, biz ümid edirik ki, bu layihənin icrasından əldə olunan dərslər məcburi köçkünlərin daha firavan gələcəyi naminə ehtiyac duyulan bir çox xidmətlərin gücləndirilməsinə kömək edəcək”, Bankın Azərbaycan üzrə ölkə meneceri Sara Maykl bildirib.