Dövlət Departamenti Bakının Vaşinqton danışıqlarından imtinasına reaksiya verib

ABŞ Dövlət Departamenti Bakının Vaşinqton danışıqlarında iştirak etməmək qərarına reaksiya verib. 

Operativtv.com Toplum TV-yə istinadən xəbər verir ki, bu barədə noyabrın 16-da gündəlik brifinq zamanı Departamentin sözçüsü Metyu Miller açıqlama verib. 

O, Bakının qərarına baxmayaraq, Birləşmiş Ştatların Azərbaycan və Ermənistan arasında sülh danışıqlarını dəstəkləməyə davam edəcəyini vurğulayıb. 

“Biz Ermənistan və Azərbaycan arasında problemlərin həlli üçün sülh danışıqlarını dəstəkləməyə davam edəcəyik. İstər burada, istərsə də başqa yerdə biz hər iki tərəfi bu danışıqlarda iştirak etməyə təşviq edirik. Bu, bizim davamlı siyasətimiz olaraq qalacaq”, - Miller bildirib.

Rəsmi Bakı  ABŞ dövlət katibinin köməkçisi Ceyms Obraynın noyabrın 15-də Nümayəndələr Palatasındakı dinləmələrdə səsləndirdiyi fikirlərin qərəzli olduğunu bildirərək Vaşinqton danışıqlarında iştirak etməcəyini bəyan edib. 

"ABŞ-ın belə birtərəfli yanaşması ABŞ-ın vasitəçilik rolunu itirməsinə gətirib çıxara bilər. Bu şərtlər altında bizim 20 noyabr 2023-cü ildə Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində keçirilməsi təklif olunan görüşün baş tutmasını mümkün hesab etmədiyimizi qeyd etmək vacibdir", - bəyanatda bildirilib. 

Nümayəndələr Palatasındakı sözügedən dinləmələrdən sonra ABŞ Azərbaycana bir sıra yüksək səviyyəli səfərləri ləğv edib və hərbi yardımı dayandırıb.