Bu gün səfər ayının iyirmisi hüznlü Ərbəin günüdür

Hicri-qəməri təqvimi ilə səfər ayının 20-si üçüncü imam həzrət Hüseyn ibn Əlinin (ə) şəhid edilməsinin 40-cı gününə təsadüf edir. 

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, Əhli-beytsevərlər məhərrəm ayının ilk 10 günü və Ərbəin gününü xüsusi əzadarlıq günləri kimi qeyd edirlər. Kərbəla şəhidlərinin matəmini 40 gün qeyd etmək ənənəsinin yaranma tarixi Aşura hadisəsinin baş verdiyi hicri 61-ci illə bağlıdır. Kərbəlada İmam Hüseyn (ə) və silahdaşları qətlə yetirildikdən sonra onların çadırlardakı bütün əmlakı qarət edildi. Şəhidlərin həyat yoldaşları və uşaqları əsir kimi tutuldular. Əhli-beyt üzvlərinin də daxil olduqları, qadınlardan və uşaqlardan ibarət olan əsirlər karvanı əvvəlcə Kərbəladan Kufəyə – şəhər valisi İbn Ziyadın hüzuruna aparıldı, daha sonra isə paytaxt Şama Yezidin sarayına göndərildi. Əsirlərin arasında Kərbəla qırğınından sağ çıxmış İmam Zeynəlabidin (ə) də var idi. O, Aşura günü ağır xəstə olduğu üçün döyüş meydanına çıxa bilməmişdi. Lakin sonradan Ubeydullah ibni Ziyad onu öldürmək istəsə də xəstə olduğundan qətl fikrindən daşınmışdır.

Tarixdə Kərbəla şəhidlərinin məzarını ziyarət etmiş ilk şəxs Cabir ibn Abdullah sayılır, özü də bu ziyarət faciədən 40 gün sonra – Ərbəin günündə baş vermişdir. Bəzi rəvayətlərə görə, bu ziyarətdə Şamdan Mədinəyə qayıdan əsirlər karvanının üzvləri də iştirak etmişlər. Ümumiyyətlə, Əhli-beyt qadınlarının və İmam Zeynəlabidinin (ə) Ərbəin ərəfəsində Kərbəlanı ziyarət etmələri barədə rəvayətlər vardır. Bu rəvayətləri Seyid ibni Tavus qiymətli Luhuf əsərində qeyd edib.

Buna görədir ki, hər il müsəlmanlar Ərbəin günündə Nəcəfdən Kərbalaya 80 km yolu piyada qət edərək, İmam Hüseynin fədakarlığını, qəhrəmanlğını və onun Əhli-beytinin gördüyü məşəqqətləri anır, özlərini imamın ardıcılı olaraq göstərirlər.

Hər il olduğu kimi bu ildə də minlərlə azərbaycanlı zəvvar Ərbəin ziyarətinə yollanıb. Onlar Nəcəf-Kərbəla yolunda şəhidlər sərvəri İmam Hüseynlə birgə birinci, ikinci vətən müharibəsi və son günlərin qarşıdurmalarında şəhid olan hərbçilərimiz və əsgərlərimizi də anıblar.

Ərbəin ziyarətinin təhlükəsizliyini təmin edən İraq Ordusunun mətbuat xidmətinin son məlumatına görə bu ilin Ərbəin ziyarətinə 20 milyon insan qatılıb ki, onların azı beş milyonu xarici zəvvarlardır.