Bibiheybət məscidi VİDEO

Bibiheybət məscidi Bakı buxtası sahilində yerləşır. 1990-cı illərdə tikilən məscid Şirvanşahlar dövlətinin iyirmi səkkizinci hökmdarı Əbül-Fəth Fərruxzad ibn Axsitan ibn Fəribürz tərəfindən XIII əsrin II yarısında Azərbaycan Elxanilər dövlətinin tərkibində olduğu zaman tikilən eyniadlı məscidin bərpa edilmiş variantıdır. Mahmud ibn Səd tərəfindən tikilən məscid bütün SSRİ ərazisində dinə qarşı mübarizə zamanı 1936-cı ildə bolşeviklər tərəfindən tamamilə dağıdılır.
Bibiheybət kompleksində məsciddən başqa seyid nəslindən gələn Həkimə xanım kimi möhtərəm şəxslərə aid sərdabələr və qəbirlər var. Bu abidə Azərbaycandakı İslam memarlığı abidələrinin ən əhəmiyyətli nümunəsidir. Məscid yeddinci imam Musa əl-Kazımın (ə) qızı Həkimə xanımın məzarı üzərində tikilib. Həkimə xanım İmam Əli (ə) və Xanım Fatimənin (s.ə.) nəslindən olub. Xanım onu incidən xəlifələrin əlindən Bakıya qaçıb. Həkimə xanımın “bibi Heybət” adlandırılması onun şifrələnmiş adının gizli saxlanılmasına görə evində qaldığı Heybətin adı ilə bağlıdır. Cəmiyyət Həkimə xanımı Heybətin bibisi olaraq tanıması məscidin adının da belə meydana çıxması ilə nəticələnir. 
Məscidin adına yerli və avropalı tədqiqatçıların və səyyahların əsərlərində rast gəlinir. Bunlara misal olaraq Abbasqulu ağa Bakıxanov, İlya Berezin, Boris Dorn, Nikolay Xanıkov, Yevgeni Paxomovu göstərmək olar. 1911-ci ildə türbənin şimal hissəsində xeyriyyəçi Ələsgər ağa Dadaşovun vəsaiti ilə memar Hacı Nəcəf məscidin yeni binasını tikir. 1920-ci ildə Azərbaycanda sovet rejimi qurulduqdan sonra bolşeviklərin dinə qarşı mübarizəsi başlayır. Mömin müsəlmanlar üçün böyük əhəmiyyət kəsb edən Bibiheybət məscidi Bakıdakı provoslav Aleksandr Nevski kafedralı və polyak katolik kilsəsi — Bakirə Məryəmin Məsum Hamiləliyi kilsəsi ilə birlikdə yeni hökumətin hədəfi olur. 1935-ci ilin sentyabrında Az. Mərkəzi İcra Komitəsi və Bakı Sovetinin Rəyasət Heyəti “zəhmətkeşlərin şikayətlərinə əsaslanaraq” qətnamə qəbul edib məscidlərdəki dini mərasimləri qadağan edilir və 1936-cı ildə məscid dağıdılır. Kompleksin bir çox tikililəri birinci partlayışdan sonra, minarə yalnız üçüncü partlayışdan sonra dağılır.
Azərbaycanın müstəqilliyi bərpa edildikdən sonra dağıdılmış məscidlər bərpa edilməyə başlayır. 1994-cü ildə Heydər Əliyev 1936-cı ildə qədim məscidin dağıdıldığı yerdə yeni məscidin tikilməsi barədə sərəncam imzalayır. Kompleksin plan və ölçüləri partlayışdan az müddət əvvəl çəkilmiş şəkillər əsasında bərpa edilir. Q.Sadiqinin 1925-ci ildə yazılmış kiçik məqaləsi daxil olmaqla məşhur səyyahların qeydləri məscidin bərpa edilməsində önəmli rol oynayır. Məqalə 1920-ci illərin ortalarında məscidin vəziyyətini təsvir edirdi. 1998-ci ildə Bibiheybətdə yeni binanın bərpa edilməsi işi başlanır. Yeni məscidin təntənəli açılışı 1999-cu ilin may ayında olur. Səkkiz il sonra məscid kompleksi əsaslı genişlənmə və yenidənqurma işləri ilə təmirə dayanır. 14 iyul 2008-ci ildə rekonstruksiyadan sonra məscidin açılış mərasimi baş tutur.