Avropa İttifaqı ölkələri Rusiyanın 200 milyard avroluq aktivlərini dondurub

Avropa İttifaqı ölkələri Rusiya Federasiyası Mərkəzi Bankının 200 milyard avroluq aktivlərinin dondurulduğunu təsdiqləyib.

Toplub TV xəbər verir ki, bu barədə Avropa Komissiyasının sözçüsü Kristian Viqand açıqlama verib. O həmçinin bildirib ki, Aİ ölkələri dondurulmuş aktivlərin yeri barədə Avropa Komissiyasını məlumatlandırıb. 

"Aİ-nin Rusiyaya qarşı sanksiyalarının 10-cu paketi Avropa operatorlarının Rusiyanın dondurulmuş aktivləri ilə bağlı Avropa Komissiyasına hesabat verməsi tələbini ehtiva edir. Son tarix mayın 12-nə təyin edilmişdi. Aİ ölkələri Avropa Komissiyasına 200 milyard avrodan çox dondurulmuş aktiv barədə məlumat veriblər”, - Kristian Viqand bildirib.

Daha əvvəl məlumat verilmişdi ki, bu ilin yanvar-aprel aralığında Rusiyada büdcə defisiti 3,4 trilyon rubl təşkil etməklə rekord səviyyədə olub. Hökumətin ötən ilin payızında təqdim etdiyi proqnozlara görə isə bütün 2023-cü il ərzində defisit  2,9 trilyon olmalı idi.  

Rusiyanın büdcə gəlirləri də azalmaqda davam edir. Yanvar-apreldə gəlirlər 7,8 trilyon rubl təşkil edib ki, bu, ötən ilin analoji dövrü ilə müqayisədə 22% azdır. Məlumata görə, Rusiyanın neft-qaz gəlirləri də 52% azalıb.