Ali Məhkəmə VİP sədri Əli Əliyevin həbs qərarını qüvvədə saxlayıb

Operativtv.com Amerikanın Səsinə istinadən xəbər verir ki, martın 1-də Azərbaycan Ali Məhkəməsində Vətəndaş və İnkişaf partiyasının sədri Əli Əliyevin Bakı Apellyasiya məhkəməsinin 16.08.2022-ci il tarixli qərarından verdiyi kassasiya şikayətinə baxılıb.

Hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə Bakı Apellyasiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Avqustun 16-da Bakı Apellyasiya Məhkəməsi hakim Faiq Qasımovun sədrliyi ilə Yeni Azərbaycan Partiyasının keçmiş funksioneri Ramiz Göyüşovun iddiası ilə əlaqədar Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin azadlıqdan məhrum olunması barədə hökmdən şikayətini təmin etməyib.

İyunun 23-də Yasamal rayon Məhkəməsi iqtidarda olan Yeni Azərbaycan Partiyasının keçmiş funksioneri Ramiz Göyüşovun şikayətini təmin edərək, Əliyevin cəzasını 1 ilədək artırıb. 2021-ci ilin sentyabrında Əli Əliyev “Bumeranq” TV-yə verdiyi videomüsahibədən sonra Göyüşov onu məhkəməyə verib.

Buna 2021-ci ilin sentyabrında sosial şəbəkələrdə yayılan intim videolar səbəb olub. Bu görüntüləri yayan jurnalist həbs edilib, Göyüşov isə partiyadan xaric edilib.

“Müdafiə Xətti” hüquq müdafiə təşkilatının üzvü Zəfər Əhmədov bildirib ki, Əli Əliyev Məhkəmənin ədalətinə inanmadığı üçün məhkəmə iclasında iştirak etməkdən imtina edib:

"Əli Əliyev bu günki məhkəmə iclasında iştirak etmirdi. Vəkil onun əvəzinə vəsatəti səsləndirdi. Ümumiyyətlə, iclas 10 dəqiqədən az davam etdi. Vəkilin çıxışına imkan verilmirdi, hakim tez-tez onun sözünü kəsirdi. Vəkil vəsatət qaldırdı ki, Yeni Azərbaycan Partiyası da Ramiz Göyüşov barəsində tədbir görüb. Hakim cavab olaraq qeyd etdi ki, dövlət bizi maraqlandırmır. Vəkil bildirdi ki YAP dövlət demək deyil. Ümumilikdə hakimin sözlərinə görə, zərərçəkən 10 nəfərdən də şikayətçi ola bilər. Hələki Əli Əliyevdən şikayət edib, ona görə də, o, həbs edilib"- deyə hüquq müdafiəçisi bildirib.

VIP sədrinin müavini Zaur Mahiroğlu məhkəmədən ədalətli qərar gözləmədiklərini deyib:

"Bu məhkəmənin Əli Əliyev barəsində bəraət verəcəyinə heç bir gümanımız yox idi. Zatən bugünə qədər 4 cinayət işi üzrə 25 iclas keçirilib. Bu günki 25-ci iclasda da hökm oxundu. 11 hökmün heç birində Əli Əliyevin xeyrinə olan düzgün, ədalətli bir cümlə belə olmayıb. Bu gün də həminki silsilə məhkəmə proseslərindən biri idi".

Vəkil Toğrul Babayev Ali Məhkəmənin qərarından Avropa İnsan Haqları Məhkəməsinə şikayət verəcəklərini bildirib.