Akif Qurbanov: “İlham Əliyevin silah yoluyla prezident kreslosuna oturdulması prosesinə Ramiz Mehdiyev rəhbərlik edib”

Demokratik Təşəbbüslər İnstitutunun (İDİ) rəhbəri və III Respublika Platformasının həbsdə olan spikeri Akif Qurbanov Prezident Administrasiyasına rəhbərlik etmiş Ramiz Mehdiyevə cinayət işi açılmasından yazıb.

“Toplum TV” yazını olduğu kimi təqdim edir. 

Son üç həftədir ki, bütün yerli kanallarda Ramiz Mehdiyevlə bağlı materiallar yayımlanır. Amma “dövlətə xəyanət” ittihamı ilə bağlı hələ ki, sözdən başqa konkret bir şey yoxdur tutarlı dəlil və sübutlar səsləndirilməyib. 

Hüquqa hörmət edən biri kimi mən təqsirsizlik prezumpsiyası prinsipinə (təqsiri sübuta yetirilməyən hər kəsin günahsız sayılması) əsaslanıram. Bu prinsip Ramiz Mehdiyev də daxil olmaqla, hər kəs üçün keçərli olmalıdır. Onun günahını istintaq sübuta yetirməlidir, mirzələr yox.

Mən bilmirəm, Mehdiyev həqiqətən də hakimiyyəti zorla ələ keçirməyi planlaşdırıb, ya yox. Amma əminliklə deyə bilərəm ki, Prezident Administrasiyasına rəhbərlik etdiyi dövrdəki hərəkətləri və hərəkətsizliklərinə görə onu həm şahid, həm şübhəli, həm də təqsirləndirilən şəxs kimi istintaqa cəlb etmək nəinki mümkündür, hətta vacibdir.

Gəlin bu əməlləri yada salaq:
    1.    2003-cü ilin avqustunda Heydər Əliyevin səhhəti barədə məlumatlar cəmiyyətdən gizlədilirdi, onun iş qabiliyyətini itirdiyinə dair ciddi şübhələr vardı. İlham Əliyevin həmin günlərdə baş nazir təyin olunması əməliyyatına - legitimliyi sual altında olan prosesə  məhz Ramiz Mehdiyev rəhbərlik edib.
    2.    2003-cü il prezident seçkilərində hakimiyyəti zorla əldə saxlamaq üçün seçkilər saxtalaşdırıldı, silahlı qüvvələr xalqa qarşı yönəldildi. İlham Əliyevin bu yolla prezident kreslosuna oturdulması prosesinə də Ramiz Mehdiyev rəhbərlik edib.
    3.    Prezident Administrasiyasının rəhbəri olduğu illərdə bütün seçkilərin və referendumların keçirilməsinə o cavabdeh olub. Deməli, nəticələrin saxtalaşdırılmasında da ən yüksək səviyyədə iştirak edib.
    4.    Ramiz Mehdiyev uzun illər Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyaya rəhbərlik edib. Ölkənin korrupsiya bataqlığına çevrilməsində onun da - həm də ən yüksək səviyyədə rolu olub.
    5.    Təhsilin bərbad vəziyyətə düşməsində də məsuliyyət daşıyır, çünki uzun müddət Təhsil üzrə Komissiyaya da rəhbərlik edib.
    6.    İnsan haqlarının pozulması, azadlıqların boğulması üçün hüquq-mühafizə orqanlarına, o cümlədən məhkəmələrə göstəriş verənlərdən biri olduğu da bilinən faktdır.
    7.    Ölkənin demokratikləşməsinə, Qərbə inteqrasiyasına, hüququn üstünlüyünə və respublikaçılıq prinsiplərinə qarşı ideoloji mübarizəyə rəhbərlik etməsi də hər kəsə məlumdur.

Yəni, Ramiz Mehdiyev ölkədə avtoritarizmin qurulması və möhkəmlənməsi üçün əlindən gələni edib. Əliyevlər ailəsinə sədaqətlə xidmət göstərib.
Taleyin ironiyası ondadır ki, sonda öz qazdığı quyuya özü düşdü.

Belə “ifşalar” Ramiz Mehdiyevdən əvvəl də olub, ondan sonra da olacaq. Yəqin, Əli İnsanov, Fərhad Əliyev və Eldar Mahmudovla bağlı işləri xatırlayırsınız. Sistemin xisləti budur. Atalar demişkən, “Qozbeli qəbir düzəldər.”

Ramiz Mehdiyevin bəzi ailə üzvlərinin də yüksək vəzifə və böyük sərvət sahibi olduqları çoxdan bilinirdi. Ötən illərdə müstəqil jurnalistlər bu barədə araşdırmalar dərc edəndə, onları “xarici ölkələrin sifarişi ilə yazmaqda” ittiham edirdilər. İndi isə həmin məlumatları hakimiyyət mediası tirajlayır.

Səbəb sadədir: hamı “tək adam” və onun ailəsi üçün işləyir. Sistemdən kənarlaşdırılanların resursları toplanmalıdır, çünki həm ölkənin gəlirləri azalır, həm də “vurulanların” sərvəti gələcəkdə hakimiyyət üçün təhlükəyə çevrilə bilər. Amma Stalinin “varisləri” onun metodlarını tətbiq edib günahsız qohumları da cəzalandırırlar.

Məşhur bir deyim var: “İnqilab sonda öz balalarını yeyir.” İrtica üçün isə belə demək olar: Avtoritarizm zaman-zaman öz dirəklərini dəyişməyə məhkumdur.

Hakimiyyətə vəzifə və sərvət üçün xidmət edən hər kəs anlamalıdır ki, bu sistemdə heç kimə təminat yoxdur. Dərs çıxarmaq lazımdır.

Belə görünür ki, “Ramiz Mehdiyev işi”nə müxalifət partiyalarını da daxil etməyi planlaşdırırlar.

Müstəqil medianı ölkədən didərgin salıblar, QHT-ləri “zərərsizləşdiriblər”, yeni təşəbbüsləri boğublar. İndi isə siyasi partiyaları sıradan çıxarmağa çalışırlar - marginallaşsalar da, mövcudluqlarını qoruyub saxlayan AXCP və Müsavatı.

Bizə qarşı hücumlar da eyni ssenari ilə başlamışdı: əvvəlcə barəmizdə yazılar yazdırdılar, sonra “iş” düzüb-qoşdular. Görünür, yenidən siyasi həbslər olacaq. Məqsəd həm cəmiyyətdə xofu artırmaq, həm də nəzarəti gücləndirməkdir.

Bütün bunların hamısı “baş plan”a - hakimiyyətin davamlılığını, yəni varisliyi təmin etməyə xidmət edir.