Abbas Hüseynə qarşı işgəncələr yolverilməzdir

Zor gücünə idarə olunan Azərbaycanın mövcud vəziyyəti artıq təkcə bu hakimiyyətin müxalifləri üçün yaşanmaz deyil, hətta hakim elitanın yanında olub onun əmr və diqtələrini qeyd-şərtsiz icra edən bu günün məmurları üçün də sabahı təhlükəli və qaranlıq edib. Bunu istənilən vəzifə sahibi özündən öncə oturduğu sabiq kürsü sahibinin vəziyyətinə baxmaqla aydın görə bilər. Qanunsuzluq mühiti qanunverici, icraedici və məhkəmə hakimiyyətini sifarişli orqana çevirincə, bu gün göstərişlərin icrasında itaətkarlıq göstərən məmurun da sabahını elə bu müəmmalı durum müəyyən edəcəyi şübhəsizdir. Nəticədə haqqın, ədalətin bərqərar olması, zülm və sitəmin aradan qalxması üçün işgəncələrə məruz qalanlar şərəfli bir keçmişə, dəyərli bu günə və ölümsüz sabaha sahib olacaqları kimi onlara bütün bunları yaşadanlar isə rəzil dünənlə, yaltaq bu günlə və peşmanlıq, utanc dolu sabahla üzləşəcəklər.

Abbas Hüseyn həmişə qeyrət, mübarizə ruhu ilə bu günün azadlıq, haqq tərəfdarlarının sevgi və ehtiram bəslədiyi şəxs olub və vardır. Onun məruz qaldığı işgəncələr Abbasın əyilməz vüraqarının ədalət nurunda təcəllasıdır. Ona qarşı zülm və haqsızlığa qalxanlar, Abbası fiziki və psixoloji təzyiqə çəkənlər isə bir ömür şəxsiyyəti sınmış, əsarət buxovunda həyatını müvəqqəti ləzzətlərin girdabında boğanlardır. Əlində qüdrət olub bu günün insanlığını məngənəyə salanların mühakiməsi uzaq deyil. Ədalətli məhkəmə hakiminin ayaq səsləri pak qəlblərin eşidəcəyi bir həqiqətdir.

 Biz baş verən bütün hüqsızlıqları məhkum edir, ölkənin şərəfli insanlarına qarşı bu kimi davranışlara son vermək üçün hər bir şəxsi haqq səsini ucaltmağa çağırırıq.

 

Tale Bağırzadə.