6 nəfərlik kamerada 16 nəfər saxlanılır

Dini fəal Murad Abdullayevin ailəsi onun saxlanma şəraitindən narazıdır.
Giperssilka.ru İnformasiya Agentliyinin verdiyi xəbərə görə, bu barədə onun bacısı Arzu Abdullayeva danışıb. O, qardaşının artıq əsəblərinin pozulduğunu bildirib:
“Qardşım haqsız yerə həbs edilib. Bu bir yana, saxlanma şəraiti daha böyük problemlər yaradır. 6 nəfərlik kamerada 16 nəfər saxlanılır. Murad deyir ki, bütün sinirləri pozulub. Əslində Muradın kamera yoldaşları ilə heç bir problemi yoxdur. Sadəcə olaraq o, nevrozun kəskin formasından əziyyət çəkir, suyun olmadığı, sıxlıq olan yerdə və havalandırmanın pis olduğu kamerada saxlanılma onun səhhətinə ciddi şəkildə zərbə vurub.  Çox dar yerdə 16 nəfərin yaşaması mümkün deyil”.

Qeyd edək ki, mayın 10-da Bakı Apelllyasiya Məhkəməsində Fərid Eyyubovun sədrliyi ilə Murad Abdullayevin məhkəmə prosesi baş tutub. 
Vəkili Zibeydə Sadıqova bildirib ki, ev dustaqlığına köçürülməsindən imtina ilə bağlı verilmiş şikayəti qəbul edilməyib: “Murad Abdullayevin evdə azyaşlı uşaqları var. O, elə ağır bir cinayətdə də ittiham edilmir. Bundan əvvəl həbsi olmayıb. 
Ümumiyyətlə, Murad Abdullayevin saxlanmasına haqq qazandıran heç bir sübut yoxdur ortalıqda. 4 proosessual əsasın heç birini təsdiq edən sübut yoxdur. Üstəlik, Muradı narkotikin satışında ittiham edirlər amma onun narkotiki satması haqqında məhkəməyə heç bir sübut-dəlil təqdim edilməyib.
Müstəntiq və prokuror da təqdimat verdi ki, bu adam həbsdə qalmalıdır, çünki qaçıb gizlənə bilər və ya istintaqın gedişinə mane ola bilər.
Amma bunu sübut edən heç bir dəlil yoxdur. O, istintaqın gedişinə mane ola bilməz. Çünki bu adamı tutublar. Yəni bundan sonra qaçıb gizlənəsi deyil. Ekspertizanın rəyində iki polisin şahidliyi ilə təqdim edilən məsələyə də Murad təzyiq gösətər bilməz. 
Bakı Apellyasiya məhkəməsi bütün bunlara baxmayaraq, qərarı qüvvədə saxladı. 
Xatırladaq ki, M.Abdullayev martın 9-da saxlanılıb. Ona qarşı CM-in 234.4.3-cü (külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsi) maddəsi ilə ittiham irəli sürülüb. Bu maddə ilə o, 5 ildən 12 ilədək azadlıqdan məhrum edilə bilər.
Azərbaycanın iqtidaryönümlü mediası isə Murad Abdullyaevlə eyni tarixdə saxlanılan 33 nəfərin İrandan narkotik maddələri Azərbaycana gətirib, satıb pulu ilə Kərimə dövləti quracaqları haqqında cəfəngiyyat paylaşıb. 

Onu da qeyd edək ki, M.Abdullayev "Azərbaycan Siyasi Məhbuslarına Azadlıq" İttifaqının aprelin 20-də dərc etdiyi siyasi məhbus siyahısına salınıb.

Qeyd edək ki, son 5 ayda Azərbaycanda 700-ə yaxın dindar şiə  olduğuna görə narkotik ittihamı ilə şərlənərək həbs edilib.