“Tərtər işi”ndəki zərərçəkmişlər: İş istintaqa qaytarılsın, yüksək vəzifəlilər həbs edilsin

Aprelin 26-da ölkəyə səs salmış “Tərtər işi”ndəki işgəncələrə görə bir qrup hərbi qulluqçunun məhkəməsi davam edib. Bu iş Bakı Hərbi Məhkəməsinin icraatında olsa da, Sumqayıt Məhkəmə Kompleksində keçirilir. Cinayət işi hakim Zeynal Ağayevin icraatındadır. O, həm də Bakı Hərbi Məhkəməsinin sədr əvəzidir. Məhkəmə iclasında zərərçəkənlər ifadə verir. 

Bugünkü iclas əvvəlkilərdən fərqləndi. Hakim boş məhkəmə salonuna göz gəzdirib, katibdən  yalnız bir zərərçəkmişin gəldiyini eşidəndə bildirdi ki, növbəti məhkəmə iclaslarında qərar qəbul etmək məcburiyyətində qalacaq: “Belə davam etsə, məcburi gətirilmə qərarı qəbul etmək məcburiyyətinə qalacağıq”, - hakim deyib.  
Sonra hakim elan edib ki, tərəflər məhkəməyə bir neçə vəsatət təqdim edib. Məsələn, zərərçəkən Ruslan Məmmədov, Müşfiq Əhmədli və işgəncələr nəticəsində dünyasını dəyişmiş Elçin Quliyevin hüquqi varisi olan anası Validə Əhmədova vəsatət verib ki, məhkəməyə gəlib-getməklə bağlı nəqliyyat, yemək, qalmaq xərcləri ya dövlət, ya da təqsirləndirilən şəxslər tərəfindən tutularaq onlara ödənilsin. Vəkil Samir İsayev vəsatətə belə münasibət bildirib: “Bu məsələlər məhkəmənin sonunda qaldırıla bilər. Çünki gələn zərərçəkmişlərin əksəriyyəti deyir ki, bu təqsirləndirilən şəxsləri tanımırlar. Məsələn, ifadələrdən belə məlum olur ki, Rüstəm Ələsgərovun digər təqsirləndirilənlərlə heç bir əlaqəsi yoxdur. Belə olan halda niyə Rüstəm Ələsgərov zərərçəkmişə yolxərci ödəməlidir?  
Zərərçəkmişin hüquqi varisi Validə Əhmədova: Bura gələn zərərçəkənlər onsuz da kifayət qədər maddi və mənəvi zərbə alıblar, çoxu işgəncələrdən sağlamlığını itirib. Bir də yolxərci, yemək, yatmaq üçün yer xərci çəkməlidilər. Niyə?  

Prokuror vəsatətə münasibət bildirərkən deyib ki, bu vəsatətə indiki mərhələdə qiymət vermək tezdir. Hakim də vəsatəti baxılmamış saxlayıb. 
Hakim ikinci vəsatəti elan edib. Bu vəsatəti zərərçəkənin hüquqi varisi Validə Əhmədova, zərərçəkən Müşfiq Əhmədov qaldırıb. Onlar bu vəsatətlə ibtidai istintaqın natamam aparıldığını, obyektiv aparılmadığını və işgəncələrdə adı keçən vəzifəlilərin, hərbçilərin istintaqdan kənarda saxlanıldıqlarını bildirərək cinayət işinin ibtidai istintaq qaytarılmasını istəyiblər.  
Zərərçəkən Müşfiq Əhmədov digər zərərçəkən Nəcməddin Kərimovu göstərib: Görürsünüz ki, adam heç ayaq üstə də dayana bilmir. Hamısı işgəncələrin nəticəsidir. Bu işdə təqsirləndirilənlərə qarşı Cinayət Məcəlləsinin 29, 120 (Qəsdən adam öldürməyə cəhd) maddəsi qoyulmalıydı. Biz hərbçi olmuşuq, dövlətin suverenliyini qoruduğumuz bir vaxtda gəlib bizi xidmətdən ayırıb, aparıb işgəncələr veriblər. Bunların əməli ilə erməninin əməlində nə fərq var? Bu hərəkətləri etməklə dövlətə xəyanət əməli törədiblər. Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət) maddəsi verilməliydi. Biz bunu tələb edirik.  

Zərərçəkən Elçin Quliyevin hüquqi varisi (anası) Validə Əhmədova: İşgəncələrdə birbaşa general Hikmət Həsənov, Teymur Məmmədov olub, başqaları olub, biz onların da dindirilməsini, cinayət məsuliyyətinə cəlb olunmasını tələb edirik. Bu iş natamam göndərilib bura, istintaqa qaytarılmasını istəyirik.  
Vəkillər vəsatətin təmin olunmamasını xahiş ediblər. Prokuror da indiki mərhələdə vəstətin baxılmamış saxlanmasını istəyib: “Bu vəsatətə zərərçəkənlərin, şahidlərin məhkəmə ifadələri başa çatandan sonra baxılmalıdır. Həmin ifadələrdə adlar çəkiləcək, dindirmələr olacaq, yalnız bundan sonra baxılacaq ki, kimlərlə bağlı hansı qərar verilməlidir”.  
Hakim vəsatətə dindirmələrdən sonra baxılacağını deyib.  

Sonra zərərçəkən Nəcməddin Kərimov ifadə verib. O, bildirib ki, N saylı hərbi hissənin post əsgəri olub: “2-ci taborun 4-cü bölüyündə xidmət etmişəm. Bir həftə postda dyanırdım, bir həftə bölükdə istirahət  edirdim. Bölükdə olduğum vaxtda bütün bölüyü yığıb Marquşavana, ordan köhnə qərargaha apardılar. 1 sutka işgəncəyə məruz qalmışam. Əsgər yoldaşlarımla işgəncələr veriləndən sonra 37 gün həbsdə saxlanmışıq.  

Prokuror: Sizə işgəncə verəndə nə tələb edirdilər?

Zərərçəkən: Tələb edirdilər deyim ki, tağım komandiri bizi erməniyə satıb. Manqa komandirimiz Mehman Hüseynovu döyə-döyə öldürdülər. Bizi rezin şlanqla döyürdülər. İşgəncə verənlər maskalı idi. Onlardan bir neçəsinin adını çəkə bilərəm, Anar Cavadov, Firdovsi...  

Zərərçəkən hazırkı durumundan da danışıb. Deyib ki, işgəncələr nəticəsində belində yaranmış yırtıqlardan 6 ildir ki, əziyyət çəkir: “Əlimdən fəhləlikdən başqa heç nə gəlmir, belim işləməyə imkan vermir, dolana bilmirəm. Dövlətdən istədiyim odur ki, məni müalicə etsin.  

Hakim: Siz məhkəmə çıxışları başlananadək mülki iddia ərizənizi təqdim edə bilərsiz.  
Zərərçəkənin dindirməsi bitdikdən sonra hakim növbəti məhkəmə iclasını mayın 2-nə təyin edib. Məhkəməyə gəlməyən zərərçəkənlərin məcburi gətiriləcəyini bildirib Bir neçə zərərçəkənsə həbsxanadır, onların da etap olunması üçün müraciət olunacağını deyib.

 

Toplum TV