Qarabağ Qazisinə zindandan mövlud təbriki 

Siyasi məhbus Elman Şeydayev Qarabağ Qazisi Səbuhi Səlimovu mövludu münasibətilə təbrik edib: 

"Bu gün Səbuhinin mübarək mövlud günüdür. Səbuhi bu yaşını zindanda qarşılayır. Bu mənə və Səbuhini tanıyanların hamısına pis təsir edir. Çünki Səbuhi günahsızdır. Onu şərləyib həbs ediblər. Hər iki müharibədə Səbuhi könüllü döyüşüb. İkinci müharibədə ön cəbhəyə getmək istəyi alınmasa da sona qədər arxa cəbhədə fəaliyyət göstərib öz maşını ilə, xəstə canı ilə dayanmayıb, çalışıb, ordumuzun, döyüşçülərimizin arxasında dayanıb. Belə bir insanı vətənə xəyanət ittihamı ilə şərləyib həbs etmək düşməni sevindirər ancaq.

Səbuhi Səlimovun həbsini eşidəndə çox ağladım. Heç atam rəhnmətə gedəndə elə ağlamamışdım. Dedim, Səbuhinin bu halına göz yaşlarım qurusa ciyərimin qanı ilə ağlayaram. Çünki Səbuhi kimi saf, vətənpərvər, ləyaqətli, qeyrətli bir insana şər atırlar və mənim də əlimdən heç nə gəlmir bunun qarşısını almağa. Çox çarəsizəm çünki Səbuhinin haqqı olan azadlığını əldə etməyə ona kömək edə bilmirəm. 

Mən bir dəfə Allaha yalvardım ki, qarşıma elə bir dost şıxarsın ki, onu görəndə "bu əsl Allahın bəndəsidi" deyə bilim. Səbuhi çıxdı qarşıma. O, çox etibarlı, sədaqətli insandır. 

Eşitdim ki, Səbuhi bu haqsızlığa etiraz olaraq aclıq aksiyası keçirir. Səbuhi həm şəkər xəstəsidi, ürəyində çox ağır əməliyyat keçirlib. O, bu vəziyyətdə aclıq aksiyası keşirir. Səbuhinin səhhətindən çox nigaranam. 

Mövludun mübarək olsun əziz qardaşım. Sən Əhli Beyt aşiqisən. Bilirsən ki, Əhli Beyt aşiqləri bu dünyada əzab çəkərlər, haqqı sevdikləri, haqq üçün canlarından keçməyə hazır olduqları üçün. Allah onların əziyyətlərinin bəhrəsini əbədi cənnətləri ilə verər. Allah hər iki dünyada aqibətini xeyirli eləsin. Allah cismani azadlığını tezləşdirsin əziz qardaşım!".

Qeyd edək ki, Qarabağ qazisi, inanclı fəal Səbuhi Səlimov 2021-ci il oktyabrın 20-də DTX tərəfindən saxlanılıb və haqqında cinayət məcəlləsinin 274-cü maddəsi ilə (dövlətə xəyanət) həbs edilib. Noyabrın 22-də Bakı Ağır Cinayətlər məhkəməsində (hakim Eldar İsmayılov) 17 il müddətinə azadlıqdan məhrum etmə cəzası alıb. Səlimov dövlətə xəyanətdə – İranın xüsusi xidmət orqanlarına casusluqda, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəhbərliyinə daxil olan şəxslərin göstərişlərini yerinə yetirməkdə təqsirli bilinib. Ancaq özü bu ittihamlarla razılaşmır, pul müqabilində casusluq etməsi haqda ittiham aktında yazılanları da "nağıl" adlandırır. Səlimov İrana getdiyini də, İsrail səfirliyinin qarşısında aksiya keçirməyə cəhd göstərdiyini də təsdiqləyir. Amma bunu İranın xüsusi xidmət orqanlarının tapşırığıyla etməsi ittihamıyla razılaşmır. O, deyib ki, İrana əvvəl xırda ticarətlə məşğul olduğuna görə gedib-gəlib. 2011-ci ildə isə ürək əməliyyatı ilə əlaqədar gedib. Səbuhi Səlimov Birinci Qarabağ müharibəsində könüllü olaraq ön cəbhədə döyüşüb. İkinci Qarabağ müharibəsində isə arxa cəbhədə xidmət edib.