Pakistanda polis məntəqəsində partlayışda ölənlərin sayı 16-ya çatıb

Pakistanın Svat bölgəsində polis məntəqəsini hədəf alan bombalı hücumda 16 polis əməkdaşının öldüyü, 60 nəfərin yaralandığı bildirilib. Pakistan mətbuatında yer alan xəbərlərə görə, ölkənin şimal-qərbindəki Hayber Paxtunxva əyalətinin Svat bölgəsində həyata keçirilən hücumda Pakistan Terrorla Mübarizə Bölməsi (CTD) hədəf alınıb.

Bombalı hücumda iki partlayışın olduğu və polis idarəsinin binasının tamamilə dağıldığı qeyd edilib. İlkin məlumata görə, hücumda 16 polis əməkdaşı həyatını itirib, 60 nəfər isə yaralanıb. Vəziyyətin gərginliyi nəzərə alınaraq ölü sayının artacağı ehtimalı böyükdür. Partlayış nəticəsində polis məntəqəsinin binası tamamilə dağılıb.

Hadisə yerində axtarış-xilasetmə işlərinin davam etdiyi bildirilir.

Yerli mətbuata açıqlama verən polis rəsmisi hadisənin kamikadze tərəfindən törədildiyini bildirib.