Ənsarullahdan ABŞ-a xəbərdarlıq: “Vyetnamı unudacaqsınız”

Operativtv.com Rasthaber - ə istinadən xəbər verir ki, Yəmənin Ənsarullah hərəkatı Amerika hərbçilərinin bu ölkənin şərqində mövcudluğuna reaksiya verib və bunun məqsədinin Səudiyyə Ərəbistanına bu ərazilərə nəzarət etmək və qarşıdurmanı gücləndirməkdə dəstəkləmək olduğu bildirilir.

Yəməndəki xəbər agentlikləri şənbə günü Amerika əsgərlərinin Yəmənin cənub-şərq sahillərində ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci Donanması qüvvələrinin mövcudluğu ilə əlaqəli olduğu deyilən fotoşəkilləri dərc edib.

Bu fotolarda ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci Donanmasına aid bir qrup qüvvə Yəmənin şərq əyalətlərindən biri olan əl-Mahranın sahil bölgələrində görünür və Yəmən mənbələri bu qüvvələrin son günlərdə bu əyalətə bir neçə saat daxil olduğunu açıqlayıb.

Bu çərçivədə Yəmənin əl-Haber xəbər agentliyi Amerika hərbçilərinin Yəmənin bu bölgəsinə gəlişində Ər-Riyadın roluna toxunaraq deyib: “Amerika qüvvələri komandanı əl-Mahra vilayətinə daxil olub və onlar Səudiyyə Ərəbistanının hərbi komandirləri, digər şəxslər tərəfindən qarşılanıb.”

Bu xəbər agentliyi bu qüvvələrin əl-Mahra əyaləti sahillərində olması barədə yazıb: “Amerikanın bu hərəkəti Yəməndə gərginliyi artırmağa yönəlib. Çünki amerikalıların bu dövlətə daxil olmasının məqsədi Yəmənin neft və qaz ehtiyatlarını mümkün qədər talamaqdır”.

Ənsarullah hərəkatının siyasi bürosunun üzvü Hizam əl-Əsəd Amerika qüvvələrinin Yəmənə daxil olmasına münasibət bildirərək, “Twitter” səhifəsində yazıb: “Amerikanın Yəmənin işğal olunmuş ərazilərindəki məlumatsızlığı və diqqətsizliyi onlara uğursuzluq, utanc və rüsvayçılıqdan başqa bir şey gətirməyəcək."

Ənsarullah hərəkatının siyasi bürosunun üzvü Yəmənin şərq və cənub bölgələrində yaşayan yəmənlilərdən və azad insanlardan bu ölkənin azad döyüşçülərinin yanında durmalarını və növbəti müharibəyə hazırlaşmalarını istəyib. Hizam Əsəd deyib: “Amerikalılar və ölkəmizə daxil olanlar tezliklə Yəmənin cəhənnəmi qarşısında Vyetnam və Əfqanıstanın onlar üçün cənnət olduğunu görəcəklər.”

Yəmənin şərqindəki əl-Mahra vilayəti Yəmənin Hədrəmut vilayətindən sonra bu ölkənin ən böyük vilayətidir. Səudiyyə-BƏƏ koalisiyasının Yəmənə qarşı apardığı müharibə zamanı bu bölgə uzaq və Omanla yaxınlığına görə münaqişədən uzaq qaldı. Bununla belə, Səudiyyə Ərəbistanı bu əraziləri özünün xüsusi zonalarına çevirməyə və Ərəb dənizinə neft daşımaq üçün limanlarından istifadə etməyə çalışır.

BƏƏ qüvvələrinin şərq sərhədlərinə doğru irəliləməyə cəhd etməsi ilə son aylarda Yəmənin cənub sahillərində Abindən Yəmənin neftlə zəngin əyalətlərindən biri olan Şabvaya qədər toqquşmalar baş verib. Müşahidəçilərin fikrincə, bu, Ər-Riyad və Əbu-Dabi arasında Yəmən sahillərində hökmranlıq və ölkənin neft ehtiyatları uğrunda rəqabəti nümayiş etdirir.

Bu hərəkətlərdən sonra Yəmənin Milli Azadlıq Hökuməti yüksək vəzifəli şəxsləri vasitəsilə ABŞ, BƏƏ və işğalçı Səudiyyə koalisiya ölkələrinin bu ölkənin xam neftini talan etdiyini dəfələrlə vurğulayıb. Halbuki, bu ölkədə neft satışından əldə olunan gəlir Yəmən işçilərinin maaşlarını təmin etmək və ödəmək üçün istifadə edilməlidir. Çünki yəmənlilərin mühasirə səbəbindən bu enerji qaynaqlarına böyük ehtiyacı var.

Yəmən hökumətinin xarici işlər naziri Hişam Şərəf dəfələrlə işğalçı ABŞ-Səudiyyə koalisiyasına xəbərdarlıq edib və deyib: Yəmənin milli rəhbərliyi Yəmən xalqının sərvətlərinin davamlı talan edilməsi və Yəmənə qarşı hərbi hücum və geniş mühasirə qarşısında səssiz qalmayacaq."

Yəmənin Səudiyyə koalisiyası tərəfindən işğalı bir aydan az müddətdə səkkizinci ilinə qədəm qoyur və statistika göstərir ki, bu müharibədə əksəriyyəti mülki şəxslər olmaqla 47 mindən çox insan həlak olub və yaralanıb. Yəmənin Əl-Əyn İnsan Haqları Mərkəzi 27 noyabr 2022-ci il tarixində dərc etdiyi hesabatda bu açıqlamaları verib: “Bu tarixə qədər 598 min 737 yaşayış evi, 182 universitet binası, 1679 məscid və 379 turizm mərkəzi, 415 xəstəxana və sağlamlıq mərkəzi dağıdılıb. İşğalçı koalisiya 1242 məktəb və təhsil ocağı, 140 idman kompleksi, 255 qədim şəhər, 61 media mərkəzi və 10803 kənd təsərrüfatı sahəsini dağıdıb.”