Zamin Salayev cərimə kamerasına salındığı bildirilir

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan üzvü Zamin Salayevin saxlanıldığı 11 saylı Cəzaçəkmə Müəssisəsində cərimə kamerasına ("kars") salındığı bildirilir.
Bu barədə AXCP üzvü Ceyhun Novruzov sosial media hesabında məlumat verib.
O, sonuncu dəfə Z.Salayevlə fevralın 26-da telefon vasitəsilə danışdığını deyib. Həbsdə olan fəal səhhətinin yaxşı olmadığını, nəfəs almaqda çətinlik çəkdiyini bildirib. Z.Salayev müəssisə rəhbərliyi ilə problemi olmadığını, lakin "başqa yerdən gələn sifarişlə" 'kars’a salınacağını əlavə edib.
C.Novruzov Z.Salayevin ürək xəstəliyindən əziyyət çəkdiyini xatırladıb.
Zamin Salayev 2023-cü il fevralın 7-də “xuliqanlıq, silah qismində istifadə olunan əşyadan istifadə ilə törədildikdə" ittihamı ilə həbs edilib.
Dörd il müddətinə azadlıqdan məhrum edilən AXCP fəalı ittihamı rədd edərək siyasi fəaliyyətinə görə həbs edildiyini bildirib və 114 gün aclıq edib.