İvanişvili 926 milyon dollarlıq məhkəmə işini uddu

Məhkəmə Credit Suisse bankının Gürcüstanın keçmiş baş naziri, milyardçı Bidzina İvanişviliyə 926 milyon dollar təzminat ödəməli olduğuna dair qərar qəbul edib.

Reuters agentliyi yazır ki, bu, bankın indiyədək ödədiyi tarixən ən böyük məbləğli təzminatlardan biri olacaq.

Sinqapurun Beynəlxalq Kommersiya Məhkəməsinin qərarında deyilir ki, Credit Suisse bankının filiallarından biri Bidzina İvanişvilinin aktivlərini lazımınca qoruya bilməyib və səhlənkarlıq göstərib.

Onsuz da problemlərlə çarpışan Credit Suisse bankı hazırda UBS bankı tərəfindən alınma prosesindədir.

Credit Suisse dərhal bəyan edib ki, bu məhkəmə qərarından apellyasiya şikayəti edəcək.

2012-2013-cü illərdə Gürcüstanın baş naziri olmuş milyarder biznesmen İvanişvili 2005-ci ildə 1.1 milyard dollar vəsaitinin saxlanması üçün pulu Credit Suisse Trestində yerləşdirib.

İvanişvilinin vəkilləri bildiriblər ki, sözü gedən trestin işindəki qüsurlar dələduzluğa və iri məbləğlərdə mənimsəməyə yol açıb.

İntihar

Məhkəmənin mayın 26-da açıqlanmış qərarında deyilir ki, bank Sinqapurda yerləşən trestinin məsləhətçisi Patris Leskadrona İvanişvilinin aktivlərinə giriş verməklə səhlənkarlıq edib.

Leskadron İvanişvili də daxil keçmiş müştərilərin imzalarını səkkiz il müddətində saxtalaşdırdığına görə 2018-ci ildə İsveçrə məhkəməsi tərəfindən məhkum edilib.

O saxtakarlıq etdiyini və vəsait itkilərini gizlətdiyini etiraf edib.

Qeyd olunur ki, bu fırıldaqçı sxem ona on milyonlarla İsveçrə frankı qazandırıb.

Leskadron 2019-cu ildə azadlığa buraxılıb və 2020-ci ildə intihar edib.

Hakim Patrisiya Bergin deyib ki, bank Leskadrona “ifrat etimad” göstərib.

Bergin qeyd edib ki, Credit Suisse Leskadronun dələduzluğa qarşı qaydaları pozduğunu bilsə də, iki il müddətində ondan öz sorğusuna cavab gözləyib.

Dolaşıq məsələ

Reuters yazır ki, Credit Suisse 926 milyon dolların 79 milyonunu ötən dekabrda ödəyib.

Bankın vəkilləri qərarın ədalətsiz olduğunu və banka nəhəng ziyan vurduğunu bildirirlər.

Hələ 2022-ci ildə Bermud adaları məhkəməsi Credit Suisse bankının yerli həyat sığortası filialının İvanişvili və ailəsinə 600 milyon dollar təzminat ödəməli olduğuna dair qərar çıxarmışdı.

Sinqapur məhkəməsi bildirib ki, Credit Suisse bankının qədərindən artıq təzminat ödəməməsi üçün Bermud işinin nəticəsi nəzərə alınacaq. Bank o məhkəmə qərarından da apellyasiya verib.

Bank belə bir məsələni mübahisələndirir ki, vəsait itkisi təkcə dələduzluğa görə deyil, həm də pis investisiya qərarlarına görə baş verib.

İvanişvilinin nümayəndəsi məhkəməyə təşəkkürünü bildirib.

 

Azadlıq Radiosu