“Müdafiə Xətti”nin Azərbaycanda qeydə aldığı hüquq pozuntuları

“Müdafiə Xətti” İnsan Haqları Təşkilatının 16-30 aprel 2023-cü il tarixləri arasında Azərbaycanda qeydə aldığı hüquq pozuntuları ilə bağlı 72 saylı bülleteni

18 aprel 2023-cü il. Seyid Ağasəf Xurşidov İrana casusluq ittihamı ilə saxlanılıb.

19 aprel 2023-cü il. Müsəlman Birliyi Hərəkatının üzvü Mehman Qarayev saxlanılıb. Onun nədə ittiham edildiyi bəlli deyil.

20 aprel 2023-cü il. Azərbaycan Yüksəliş Partiyasının sədri Anar Əsədli həbs edilib. O, dələduzluqda ittiham olunur. Partiyadaşları A. Əsədlinin təqsirsiz olduğunu qeyd edir, həbsi siyasi motivlərlə əlaqələndirirlər.

21 aprel 2023-cü il. Azərbaycan Xalq Cəbhəsi Partiyasının Salyan rayon təşkilatının sədri Əlizamin Salayev komaya düşüb. O, qanunsuz həbsinə etiraz olaraq aclıq edir.

22 aprel 2023-cü il. AXCP-nin üzvləri- Mətanət Turan və Afa Cəfərova Xırdalanda yerləşən parkda şəkil çəkdirərkən polis tərəfindən saxlanıblar. Hər iki xanım müxalifətçi Bakı Şəhər Baş Polis İdarəsinə aparılıb.

29 aprel 2023-cü il. Rəfail Bayramov adlı şəxs Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. O, sosial şəbəkədə qeyd edir ki, heç bir səbəb göstərməyən əməliyyatçılar işgəncə verməklə hədələyiblər, 5000 manat rüşvət aldıqdan sonra sərbəst buraxıblar.

30 aprel 2023-cü il. İnanclı şəxs Niyaməddin Hüseynov casusluqda ittiham edilərək saxlanılıb.

30 aprel 2023-cü il. Vəkil Elçin Sadıqovun “Müdafiə Xətti”nə məlumatı daxil olub: MCMİ-ninin qarşısındyam, hər iki idarədən soruşdum, həmişəki kimi müştərimin burada olmadığını bildirdilər. Məndə olan məlumata görə onu döyüb Əliyev Zahid Bəylər oğlunun xeyrinə borc müqaviləsi yazdırmaq istəyirlər. 102-yə və Ombudsman Aparatının qaynar xəttinə zəng etdim. Görək, işgəncənin, qanunsuzluğun qarşısını ala biləcəklərmi. Hələ də gözləyirəm”.