"Kərimə” dövləti qurmaqda şübhəli bilinən şəxslərin məhkəmə prosesi davam etdirilib

Fevralın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Şəlalə Həsənovanın sədrliyi ilə təqsirləndirilən - Xəqani Məmmədov, Sənan Məmmədov, İqbal Axundov, Arif Cümşüdov, Tərzan Qaraşov və Anar İsayevin cinayət işi üzrə məhkəmə baxışı keçirilib.

Prosesdə hakim Şəlalə Həsənova bildirib ki, ötən prosesdə vəkillərin vəsatətinə əsasən, təqsirləndirilən şəxslərin tibbi müayinədən keçirilməsi ilə bağlı Bakı İstintaq Təcridxanasına sorğu ilə müraciət olunub:

"Müraciət əsasında təcridxanadan verilən cavaba əsasən, təqsirləndirilən şəxslər bu il yanvar ayında müayinələrdən keçirilib, onlardan qan analizi götürülüb və məhkəmə təqsirləndirilən şəxslərin vəziyyətini diqqətdə saxlayır".

Hakim Şəlalə Həsənova qeyd edib ki, təqsirləndirilən şəxslərdən birinin vəkili məhkəmə prosesində iştirak etmir.

Bu səbəbdən proses martın 5-ə qədər təxirə salınıb.

Cinayət materiallarına əsasən Xəqani Məmmədov, Sənan Məmmədov, İqbal Axundov, Arif Cümşüdov, Tərzan Qaraşov və Anar İsayevin ölkə ərazisində silahlı iğtişaşlar törətməklə hakimiyyətin ələ keçirilməsi və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun zorla dəyişdirilməsi yolu ilə şəriət qanunları ilə idarə olunan “Kərimə” dövlətinin qurulması məqsədilə “müqavimətçi dəstə” yaratmasında şübhəli bilinirlər.