Kadi Borges üçün mövsüm başa çatıb

Rusiyanın “Krasnodar” klubunda çıxış edən “Qarabağ”ın keçmiş futbolçusu Kadi Borges üçün mövsüm başa çatıb.

Operativtv.com Reporta istinadən xəbər verir ki, bu barədə braziliyalı yarımmüdafiəçi yerli “Sport24.ru” saytına açıqlamasında deyib.

Premyer Liqanın XXIV turunda “Spartak”ın müdafiəçisi Georgi Cikiya ilə hava toqquşması nəticəsində beyin silkələnməsi və kəllə sümüyünün çoxsaylı sınıqlarına məruz qalan 27 yaşlı hücumameyilli oyunçu gələn mövsümün hazırlığı zamanı kollektivə qoşulacağını açıqlayıb: “Zədədən sonra reabilitasiya 15-20 gün davam edəcək. Hərtərəfli bərpa dönəmi isə 1-2 ay çəkəcək. Bu müddət ərzində qoruyucu maskadan istifadə edəcəyəm. Çox güman ki, növbəti mövsümün hazırlığı zamanı komanda ilə birgə olacağam”.

Qeyd edək ki, qış fasiləsində “Qarabağ”dan “Krasnodar”a keçən Kadi Borges Rusiya klubunun heyətində 11 oyunda 3 qol vurub, 1 məhsuldar ötürmə verib.