Bu gün İmam Cəfəri Sadiqin (ə) şəhadət günüdür

İmam Cəfər Sadiqin (ə) həyatı və şəxsiyyəti
Adı: Cəfər
Ləqəbi: Sadiq
Künyəsi: Әbu Abdullah
Atası: Həzrət İmam Məhəmməd Baqir (ə)
Təvəllüd tarixi: Hicri-Qəməri tarixinin 80-cı ili
İmamlıq müddəti: 31 il
Ömrü: 65 il
Şəhadət olduğu tarix: Hicri 148-ci ilin Şəvval ayının 25-də Abbasai xəlifəsi Mənsurun vəlisi vasitəsi ilə zəhərlənərək şəhid edildi.
Məzarı: Mədinə şəhəri, Bəqi qəbiristanlığı.

İmamın (ə) həyatı

İmam Sadiq əleyhissalamın mübarək vücudunun qızıl günəş 83-cü hicri ilin Rəbül-əvvəl ayının 17-də Mədinə şəhərində parladı.
Atası imam Məhəmməd Baqir (ə) oğlunun dünyaya gəlməsindən çox sevinmişdi. O həzrətin anasının adı Ümmi Fərhə idi. Ümmi Fərhə Әli əleyhissalamın əshabından olan Məhəmməd ibni Әbu Bəkrin nəvəsi idi. Həzrət Әli (ə) onun haqqında daim belə buyurardı: «Məhəmməd mənim mə᾽nəvi nəvəmdir».
Məhəmməd ibni Әbu Bəkrin anası isə təqvalı və həmişə həzrət Fatiməyə xidmət etməkdən iftixar hissi duyan Әsma binti Üməys idi.
Imam Sadiq əleyhissalam öz anası haqqında belə buyurmuşdur: «Anam təqvalı, imanlı və xeyirxah qadınlardan idi.»
Imam Sadiq əleyhissalam babası imam Səccad (ə) dünyadan köçəndə 15, atası İmam Baqir(ə) şəhid olduqda isə 34 yaşında idi.
Hicri 132-ci ildə Əməvi hakimiyyəti süquta uğradı. Hakimiyyət Abbasilərə keçdi.
İmamın (ə) dövründə hakimiyyətdə olan Əməvi xəlifələri:
- Hişam ibn ƏbdülMəlik (105-125 h.q.)
- Vəlid ibn Yezid ibn Əbdül Məlik (125-126 h.q.)
- Yezid ibn Vəlid ibn Əbdül-Məlik (126 h.q.)
- İbrahim ibn Vəlid ibn ƏbdülMəlik (hicri 126-cı ildə cəmi 70 gün)
- Mərvan ibn Məhəmməd (Mərvani Himar) (126-132 h.q.)

İmamın (ə) dövründə hakimiyyətdə olan Abbasi xəlifələri:
- Abdullah ibn Məhəhhəd (Səffah) (132-137 h.q)
- Əbu Cəfər (Mənsur Dəvaniqi) (137-158 h.q.)

Övladlarının sayı: 10 (7 oğul, 3 qız);
Oğulları:

1. İsmail; 2. Abdullah Əftəh; 3. Museyi-Kazim (ə); 4. İshaq; 5. Məhəmməd Dibac; 6. Abbas; 7. Əli.
Qızları:
1. Fatimə; 2. Əsma; 3. Ümmü-Fərvə.

Tarixi mənbələrdə imam Sadiqin (ə) hüzurunda elm öyrənən və hədis dinləyən kəslərin sayı dörd min nəfər qeyd edilmişdir.

Əbu Hənifə imam Sadiq (ə) haqda belə deyirdi: “Mən fəqihlikdə Cəfər ibn Muhəmməddən (ə) daha üstün bir şəxs görmədim. Şübhəsiz, o, İslam ümmətində hər kəsdən daha çox biliyə malikdir.” (“Əl-məscidul-məsanid”, Əhməd Xarəzmi, c.1, s.222.)
Məşhur tarixçilərdən olan İbn Xülləkan o həzrət haqda belə yazır: “O, imamiyyə şiələrinin on iki imamından biri, Rəsulullahın (s) Əhli-beytinin böyüklərindəndir və doğru danışan olduğu üçün “Sadiq” ləqəbi ilə məşhurdur.” (“Vəfəyatul-əyan”, c.8, s.105.)
İmam Sadiqdən (ə) yalnız “fiqh”lə əlaqədar hədislər deyil, təfsir, kəlam və əxlaq elmi haqqında da qiymətli hədislər əlimizə gəlib çatmışdır.
Imam Hüseyn əleyhissalamın şəhadətindən sonra Әməvi hökuməti artıq sarsılmış, xalq isə onlarla düşmən olmuşdu ki, bu da hakimiyyəti Abbasilərin ələ keçirməsinə zəmin yaratmışdır. Bu iki qüdrət mərkəzi hakimiyyət uğrunda mübarizəyə qalxdığından şiə düşüncələrini təbliğ etmək və yaymaq üçün fürsət yaranmışdı. Məhz belə bir vaxtda Imam Sadiq əleyhissalam öz elmi hərəkatı ilə islam incəliklərini bütün dünyaya yaymağa müvəffəq oldu.
İmam Cəfər Sadiqin (ə) müxtəlif firqə (istər islami, istərsə də qeyri) nümayəndələri ilə bəhsləri bu gündə əlimizdə olan ən qiymətli elm əsərləri hesab olunur. İmamın (ə) ən məşhur yadigarı isə “Tohidi Müfəzzəl” risaləsidir. Belə ki, İmamın (ə) Müfəzzəl ibn Ömər adlı tələbəsi onun dörd gün ərzində oxuduğu yaradılış tarixi və fəlsəfəsi barədə mühazirələrini qələmə almış və kitab şəkilinə salmışdır.
Qeyd olunmalıdır ki, İmam Sadiq (ə) digər imamlarımız (ə) kimi zaman-zaman müxtəlif qiyamçılar tərəfindən hakimiyyət təklifi almışlar. Ancaq xilafət əhalisinin əksəriyyətinin həqiqətən də İslam dəyərlərinə arxalanan cəmiyyətdə və Əhli-Beyt(ə) İmamlarının rəhbərliyi altında yaşamaq istəməsi şübhə altında idi. İmam (ə) da bu səbəbdən bu cür təkliflərdən imtina etmişdi. Çünki həqiqi İslam hökuməti yalnız bütün xalqın razılığı və dəstəyi ilə qurula bilərdi.
İmam Sadiq (ə) həyatı boyu təzyiq və təqiblərə məruz qalıb. Hələ atasının sağlığında Əməvi xəlifəsi Hişamın əmri ilə o, Dəməşqə sürgün olunur. Daha sonra Abbasi xəlifələri Səffah və Mənsurun əmri ilə imam (ə) iki dəfə sürgünə göndərilir.
O həzrət Mədinəyə qayıtdıqdan sonra təqiyyə edərək yaşayıb. Hicrətin 148-ci ilində (təqribən miladi 77-ci il) 65 yaşında ikən imam Sadiq (ə) xəlifə Mənsurun göstərişi ilə zəhərləndirilərək şəhid edilib.
İmamın mübarək məzarı Mədinədə, Bəqi qəbristanlığında imam Həsən Müctəba (ə), imam Zeynulabidin və imam Məhəmməd Baqirin məzarları ilə yanaşı yerləşir.
Qeyd edək ki, Bəqi qəbiristanlığında yerləşən dörd imamın məzarı üzərində ucaldılmış məqbərə ötən əsrin əvvəllərində (təxminən 1925-ci il) radikal dini cərəyanların şeyxlərinin(vahabilərin) göstərişləri ilə dağıdılıb. Bu günədək o imamların mübarək məzarlarının ziyarətinə məhdudiyyət və çətinliklər yaradılır.