“Beyləqan işgəncələri”ndə manqa komandiri: “Bəkir Orucov posta çatan kimi məni vurdu”

Sumqayıt Məhkəmə Kompleksində “Tərtər işi” üzrə məhkəmələr davam edir. İşlərə Bakı Hərbi Məhkəməsinin  hakimləri baxır. Məhkəmə iclasına həmin məhkəmənin sədr əvəzi Zeynal Ağayev sədrlik edir. 

Hazırda məhkəmə işgəncədə iştirak etdiyi iddia olunan iki qrupun cinayət işini araşdırır. Bunlardan biri dörd, digəri beş nəöfərdən ibarət qrupdur. Dörd nəfərlik qrupda zərərçəkmiş dindirmələri iki həftədir başlayıb. Hazırda barəsində material təqdim etdiyimiz beş nəfərlik qrupun məhkəmə baxışı isə yeni başlayıb. Hazırkı qrup üzvləri Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən, general-mayor Bəkir Orucov və daha dörd nəfərdən - snayper bölüyünün komandiri Ziya Kazımov, Təhqiqat bölməsinin rəis müavini olmuş Rahib Məmmədov, İntiqam Məmmədov və Ülvi Rəşidovdur. İşgəncələrinsə general Mais Barxudarovun komandiri olduğu 2-ci korpusun hərbi hissələrində verildiyi iddia edilir. 

Sonuncu məhkəmə iclasında zərərçəkən Vurğun Əbilov ifadə verib. Vurğun Əbilov “Tərtər işi”ndə işgəncə görməsinə baxmayaraq, sonradan İkinci Qarabağ Müharibəsinə də qatılıb. Döyüşlərdən birində minaya düşərək, hər iki ayağını itirib. 

Vurğun Əbilov məhkəmədə ifadə verib. Deyib ki, 2017-ci ilin mayında xidmətdə olarkən Beyləqanda işgəncəyə məruz qalıb: “Həmlə taborunda komandirin maddi-texniki təminat məsələləri üzrə müavini olmuşam.

Telefonoqramla hərbçilərə işgəncə verilən köhnə hərbi hissə binasına gətirilmişdik. Şəxsən məni hazırda təqsirləndirilən şəxslər arasında olan İntiqam Məmmədov sorğu-sual edib, deyib, al boynuna, ermənilərlə işbirliyində olmusan. O, Şəmkir korpusunda əmimlə birlikdə işləmişdi. Dedi ki, sən də, əmin də vətən xainisiz. Kürəyimdən pol ağacı yoğunluğunda taxta ilə vurub yerə yıxdı. Yerdə də döyürdü. Baş leytenant Ağayev də vururdu. İntiqam Məmmədov ona deyirdi ki, boynuna almırsa, ailəsini, uşağını gətirin, nə varsa, danışacaq... Mənə düz 3 gün olmazın işgəncələr verildi”.

Zərərçəkən deyib ki, işgəncə verənlər maskalı şəxslər olub. İşgəncələrdən sonra onu hərbi polisə gətiriblər, “intizamsızlıq” bəhanəsiylə on günlük cəzalandırıblar. 

Məhkəmədə ifadə verən növbəti zərərçəkənsə N saylı hərbi hissənin keçmiş manqa komandiri Müseyib Tanrıverdiyev olub. Zərərçəkən məhkəməyə Bəkir Orucovun onun xidmət etdiyi posta gəlməsindən danışıb: “O hadisələrdən əvvəl həmin ərazilərdəki döyüş postlarından birində stəkanın içində F-1 əl qumbarası tapılmışdı. Mən bu barədə  dərhal aidiyyəti üzrə məlumat verdim. Heç gözləmədiyimiz halda, Beyləqan korpusunun qərargah rəisi Bəkir Orucov posta gəldi. Məni təhqir elədi, yumruqla vurub soruşdu ki, hardan gəlib düşüb qumbara ora?.. Sonra özü onu neytral əraziyə atıb partlatdı. Bizim manqanı dərhal çıxartdılar o postdan, kəşfiyyatçıları gətirdilər”. 

Zərərçəkmiş məhkəmənin suallarını cavablandırarkən deyib ki, ehtimallara görə, həmin posta ermənilər gəlib və nişan olaraq, qumbaranı qoyub, gediblər. İşgəncələrdən də danışıb: “Postdan düşürdüldükdən sonra əllərimizi, gözlərimizi bağladılar,  bu vəziyyətdə 3-4 gün işgəncə verdilər. Qumbara məsələsinə görə mən Mais Bərxudarov da çağırtdırmışdı. Ona da baş verənləri olduğu kimi danışmışdım”.

Zzərərçəkən Bəkir Orucovdan şikayətçi olduğunu dilə gətirib: “Məni vurub, təhqir edib. Hərbi formamı darta-darta çıxartdılar əynimdən. Dedilər, erməniyə işləyirsiz. Mən istintaqda Mais Bərxudarovdan da şikayətçi olduğumu demişəm. Bilmirəm ki, yazıblar, yoxsa yox...” 

Zərərçəkmiş Kamil İbrahimov isə məhkəmə ifadəsində deyib ki, məhz Bərxudarov gəlib-gedəndən sonra işgəncələr daha da şiddətlənib: “Heç əsirlərə də belə işgəncə verilmədi. Mən özüm də bir həftə işgəncəyə məruz qalmışam. Korpus komandiri, general Bərxudarovu orda görmüşəm. O,Z gəlib-gedəndən  sonra işgəncələr daha da şiddətləndi. Bizim indiki psixoloji halımız da o vaxt başımıza gələnlərə görədir. Elə adamlar var ki, rütbədə, vəzifədə irəli getmək üçün hər şeyi satar”.

Məhkəmə daha bir neçə zərərçəkəni də dindirdikdən sonra növbəti məhkəmə iclası mayın 6-na təyin edilib. 

Bu beş nəfərin işi üzrə ümumilikdə 63 nəfər zərərçəkən qismində tanınıb. İndiyədək onlardan 27 nəfəri dindirilib.

Tarixçə 

2017-ci ildə Ermənistan xüsusi xidmət orqanlarına casusluqda günahlandırılan yüzlərlə hərbçi və mülki şəxs işgəncələrə məruz qalıb.  Onların bir qismi hətta məhkəmə qarşısına çıxarılaraq mühakimə də edilib. 14 hərbçinin işgəncələrdən dünyasını dəyişdiyi iddia olunur. Onlardan bir neçəsinə sonradan bəraət verilib. İşgəncələrə məruz qalanlar və ailləri baş verənləri uzun müddət ictimailəşdirib. Nəhayət, 2021-ci ilin dekabrında “Tərtər işi” üzrə icraat yenilənib. Ümumilikdə 452 nəfər zərərçəkmiş qismində tanınıb. Bu iş üzrə təqribən iyirmi nəfər həbs olunub. “Cinayət işi”nin miqyası böyük olduğuna görə, təqsirlənirilən şəxslər qruplara bölünüb və istintaq işləri ayrı-ayrı icraatlara verilib. Haırda iki qrupun məhkəməsi davam edir, daha bir qrupun məhkəməsi başlamaq üzrədir. Bir qrupunsa ibtidai istintaqı yekunlaşmaq üzrədir. 

 

Toplum TV