Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü başlayıb

Martın 2-də Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü işə başlayıb.

Zirvə görüşünə 70-ə yaxın ölkənin dövlət və hökumət başçıları, 5 ölkənin, o cümlədən Bosniya və Herseqovina, Türkmənistan, Özbəkistan, İraq, Liviyanın prezidentləri, üç ölkənin - Kuba, Qabon, Tanzaniyanın vitse-prezidentləri, Əlcəzair və Keniyanın baş nazirləri, müxtəlif ölkələrin yüksək səviyyəli nümayəndələri, həmçinin beynəlxalq təşkilatların rəhbərləri - Dünya Turizm Təşkilatının Baş katibi Zurab Pololikaşvili, Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Baş direktoru Antonio Vitorino, BMT-nin Cenevrədəki bölməsinin baş direktoru Tatyana Valovaya, İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Xusrav Noziri və digərləri, eyni zamanda, nazirlər, nazir müavinləri, səfirlər qatılıb.

Dünyanın 120 ölkəsini birləşdirən Qoşulmama Hərəkatına 2019-cu ildən başlayaraq Azərbaycan sədrlik edir.

Prezident İlham Əliyev bildirib ki, pandemiyanın başlamasından dərhal sonra Qoşulmama Hərəkatı COVID-19-a qarşı qlobal səyləri səfərbər etmək təşəbbüsü ilə çıxış edib. Azərbaycanın təklifi ilə 2020-ci ilin dekabrında BMT Baş Assambleyasının liderlər səviyyəsində pandemiya ilə bağlı xüsusi sessiyası çağırılıb.

"Biz bəzi varlı ölkələrin həyata keçirdiyi "peyvənd millətçiliyi"ni xüsusilə pandemiya ilə mübarizədə ciddi maneə kimi qiymətləndirdik. Nəticədə Qoşulmama Hərəkatı bütün ölkələrin peyvəndlərdən ədalətli və vahid şəkildə istifadəsini təmin etmək üçün 2021-ci ildə BMT-nin İnsan Hüquqları Şurasında və BMT Baş Assambleyasında qəbul edilmiş iki qətnamənin təşəbbüskarı oldu" , o qeyd edib.

Əliyevin sözlərinə görə, Azərbaycan əksəriyyəti Qoşulmama Hərəkatı ailəsinin üzvləri olan 80-dən çox ölkəyə koronavirusla bağlı ya ikitərəfli kanallar, ya da Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə maliyyə və humanitar yardım göstərib.

Prezident hesab edir ki, son bir neçə onillikdə mövcud olan beynəlxalq təhlükəsizlik arxitekturası hazırda köklü dəyişikliklərlə üzləşir və multilateralizm təhlükə altındadır. Beynəlxalq hüququn norma və prinsiplərinin aşınması beynəlxalq düzəni daha da təhdid edir.

"Suverenliyin və ərazi bütövlüyünün pozulması, dövlətlərin daxili işlərinə müdaxilə halları daha çox müşahidə olunmaqdadır. Aparıcı beynəlxalq təşkilatların qərarları ya icra olunmur, ya da selektiv yanaşma və ikili standartlar tətbiq edilir. Yeni dünya düzəni yenidən formalaşmaqdadır. İndi dünya "Soyuq müharibə"nin sona çatmasından bəri baş verən ən ciddi Şərq-Qərb qarşıdurmasının şahididir ki, onun fəsadları dünyanın qalan hissəsində də hiss olunur. Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat kimi beynəlxalq arenada daha nəzərəçarpan və səmərəli rol oynamalı, yeni dünya düzəninin yenidən formalaşmasında fəal iştirak etməlidir", o qeyd edib.

Əliyev düyadakı mühüm məsələlərdən biri kimi BMT sistemində islahatların aparılmasının mühümlüyünü diqqətə gətirib.

"BMT Təhlükəsizlik Şurası keçmişi xatırladır və indiki reallığı əks etdirmir. Təhlükəsizlik Şurasının tərkibi genişləndirilməlidir ki, orada daha çox ölkə təmsil olunsun və coğrafi baxımdan daha ədalətli olsun. Bir daimi yer Qoşulmama Hərəkatına verilməlidir və Qoşulmama Hərəkatına sədrlik edən ölkə növbəli şəkildə bu yerə sahib olmalıdır. Mən Qoşulmama Hərəkatına üzv ölkələri bu məsələ ilə bağlı məsləhətləşmələrə başlamağa və öz fikirlərini BMT-nin müvafiq komitəsinə təqdim etməyə çağırıram. Biz Təhlükəsizlik Şurasında Afrikaya da daimi yerlərin verilməsi fikrini dəstəkləyirik".

Prezident qeyd edib ki, COVID-19 pandemiyası dövründə olduğu kimi Azərbaycan Qoşulmama Hərəkatının ehtiyacı olan üzv ölkələrinə maliyyə və humanitar yardım göstərməyə davam edəcək.

"Mən burada iki qlobal çağırışı bəyan edirəm. Bunlar Afrikanın və inkişaf edən kiçik ada dövlətlərinin pandemiyadan sonrakı bərpasını dəstəkləməkdir. Məmnuniyyətlə elan edirəm ki, Azərbaycan ilk donor ölkə kimi hər iki qlobal çağırışa 1 milyon ABŞ dolları məbləğində vəsait ayırır. İnanıram ki, Qoşulmama Hərəkatının üzvləri və beynəlxalq ictimaiyyətin digər üzvləri Azərbaycanın təşəbbüsünü dəstəkləyəcək və bizə qoşularaq post-pandemiya bərpası dövründə ehtiyacı olan ölkələrə dəstək verəcəklər", o bəyan edib.

Azərbaycan prezidenti BMT-nin Təhlükəsizlik Şurasının Azərbaycanın ərazi bütövlüyü ilə bağlı 30 il kağız üzərində qalan 4 qətnaməsini yalnız özünün yerinə yetirdiyini bildirib. O, azad edilmiş ərazilərin bərpasından danışarkən deyib ki, Azərbaycan hökuməti 2021-2022-ci illərdə yenidənqurma işlərinə 4 milyard ABŞ dollarına yaxın pul xərcləyib.

"Bu il biz bu məqsəd üçün ən azı 1,7 milyard ABŞ dolları məbləğində vəsait ayırmağı planlaşdırırıq", dövlət başçısı qeyd edib.

 

Amerikanın Səsi.