İran prezidenti Məsud Pezeşkian ABŞ ilə əldə olunmuş atəşkəs razılaşmasının pozulduğunu bildirib.
O, aprelin 9-da sosial media hesabında yazıb ki, atəşkəs İsrailin Livana hücumları nəticəsində pozulub.
“Sionist rejimin Livana qarşı yenidən başlayan təcavüzü ilkin atəşkəsi açıq şəkildə pozur. Bu cür hərəkətlər aldadıcıdır və öhdəliklərə əməl olunmadığını göstərir, bu isə danışıqları mənasız edir. Əlimiz hələ də tətikdədir. İran heç vaxt Livandakı qardaş və bacılarını tərk etməyəcək", - o əlavə edib.
Aprelin 7-də Pakistanın vasitəçiliyi ilə ABŞ və İran arasında iki həftəlik atəşkəs barədə razılıq əldə olunub.
Pakistan baş naziri Şəhbaz Şərif verdiyi bəyanatda atəşkəsin Livana da aid olduğunu qeyd etmişdi.
İsrail baş naziri Benyamin Netanyahu isə İranla atəşkəsi dəstəkləsə də, Livana hücumlara davam ediləcəyini demişdi.
Aprelin 8-də İsrail Livana hava zərbələri endirməyə davam edib. Zərbələr nəticəsində mülki yaşayış və ticarət obyektlərinə ziyan dəyib.
Livan rəsmilərinin dediyinə görə, hücumlar nəticəsində ən az 254 nəfər ölüb, daha 1165 nəfər isə yaralanıb.
Aprelin 10-da İslamabadda ABŞ və İran rəsmilərinin danışıqlar məqsədilə görüşəcəyi gözlənilirdi.
İran heç vaxt Livandakı qardaş və bacılarını tərk etməyəcək