Hesabat: “Azərbaycan hökuməti dini azadlığın ciddi şəkildə pozulmasına yol verib”

ABŞ-nin Beynəlxalq Dini Azadlıq Komissiyası (USCIRF) 2025-ci ildə dünyada dini azadlıqların vəziyyəti ilə bağlı hesabatında Azərbaycan hökumətinin ölkədə dini azadlıqların “ciddi şəkildə pozulmasına yol verdiyini” qeyd edib. 

Hesabatda bildirilir ki, hökumət dini azadlıqlar haqqında qanunu sərtləşdirməklə dini təşkilatlar üzərində “mütləq nəzarət” əldə edib. Bununla əlaqədar, müxtəlif vaxtlarda yerli və xarici vətəndaşların dövlətdən icazəsiz dini mərasim keçirdiklərinə görə cərimələndiyi, saxlanıldığı və ya deportasiya edildiyi xatırladılır. 

USCIRF daha sonra ötən il Azərbaycanda 200-dən çox müsəlmanın “dövlətin icazə verdiyi təfsirdən kənar şəkildə ibadət etdiklərinə” həbs olunduğunu iddia edib. 

“Şiə məhbuslarının əksəriyyəti narkotiklə bağlı şübhəli ittihamlarla üzləşir və hakimiyyət orqanları bu ittihamlardan siyasi müxalifəti hədəf almaq üçün istifadə ediblər. Bir çox şiə məhbus həbs zamanı hüquq-mühafizə orqanlarını işgəncə və digər zorakılıqlarda ittiham edib”, - deyə əlavə olunub. 

USCIRF-nin hesabatına cavab verən Qafqaz Müsəlmanları İdarəsi iddiaları əsassız adlandırıb və “ciddi narahatlıqlarını və dərin təəssüflərini ifadə edib”. 

“Hesabatda guya dini azadlığın pozulması və dini icmalara təzyiq göstərilməsi kimi Azərbaycana qarşı əsassız iddialar müəyyən qrupların qərəzli lobbiçilik mövqeyini əks etdirir. Bu iddialar ölkədəki reallıqlara uyğun gəlmir, əksinə, ölkəmizin daxildə və qlobal səviyyədə dini tolerantlığın təşviqi istiqamətində göstərdiyi əhəmiyyətli səyləri nəzərə almır”, - açıqlamada deyilir. 

"Azərbaycanın Siyasi Məhbuslarının Azadlığı Uğrunda İttifaq"ın ölkədə siyasi məhbus sayılan şəxslərin yanvar ayına olan siyahısında 192 inanclı fəal yer alıb. Siyasi məhbus hesab olunan şəxslərin ümumi sayı isə 340-dır.

Azərbaycanın hakimiyyəti isə ölkədə din azadlığı sahəsində ciddi problemlərin olmadığını bildirir, digər hüquq və azadlıqlar kimi din azadlığının da tam təmin olunduğunu bəyan edirlər. Ölkədə dini tolerantlıq hakimiyyətin tez-tez istinad etdiyi, örnək hesab etdiyi məqamlardandır.