Naxçıvanda Heydər Məscidi kompleksinin inşası davam etdirilir

Naxçıvan şəhərindəki Heydər Məscidi kompleksinin inşası davam etdirilir.

Operativtv.com Reporta istinadən xəbər verir ki, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinin yaxınlığında şərq üslubunda işlənmiş memarlıq quruluşu ilə ucaldılan Heydər Məscidi kompleksinin inşası başa çatmaq üzrədir.

İnşaat işləri davam etdirilən kompleksin sahəsi 6 400 kvadratmetrdir. Eyni vaxtda 5 min nəfərin ibadət edəcəyi məsciddə qadın və kişilər üçün nəzərdə tutulmuş ibadət zalları, eləcə də mədrəsə olacaq. İki minarəli və 15 günbəzli məsciddə əsas tikinti işləri başa çatdırılıb. Hazırda kompleksin həyətində və ətrafında abadlıq-quruculuq işləri aparılır.

Naxçıvan və Şərq memarlıq üslubunda inşa olunan məscidin günbəzlərinin hündürlüyü 12, minarələrinin hündürlüyü isə 40 metrdir. Hazırda məscid binasının fasadında və daxilində işlər milli nəqqaşlıq elementləri və dini rəmzlər əsas götürülərək davam etdirilir.

Kompleksdə Naxçıvan Muxtar Respublikası qazısı yanında Şura üçün ikimərtəbəli inzibati bina və ikimərtəbəli mərasim binası da inşa olunub. İnzibati binada iş, kəbin və digər xidməti otaqlar, mərasim binasında isə ayrı-ayrılıqda qadınlar və kişilər üçün zallar, texniki otaqlar və dəstəmazxanalar olacaq. Burada da işlərin böyük bir qismi yekunlaşıb.