Mahmudəli Çöhrəqanlı Əhməd Obalının döyülməsini onun şəxsi restoranında müştərilərlə baş vermiş insidentlə əlaqələndirib

ABŞ-da yaşayan Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) rəhbəri Mahmudəli Çöhrəqanlı Günaz TV-nin rəhbəri Əhməd Obalının vəhşicəsinə döyülmə faktını terror adlandırmayıb. O, bu hadisədə terror izi olmadığını bildirib. Əksinə o baş verən hadisəni Əhməd Obalıya aid restoranda baş verən insidentlə əlaqələndirib. Stat: “Əgər terror aktı olarsa, Amerika dövləti, gizli servisi lazım olan raporu verəcək. Əgər açıqlamasalar, demək, adi savaş və toqquşma olub. Əhməd bəyin restoranı var. Müştərilər bəzən problem yaradır. Hadisə bu səbəbdən də ola bilər. Bunların hamısı ehtimaldır. Amma çox üzüldük və keçmiş olsun deyirik”.

M.Çöhrəqanlı İran hökuməti tərəfindən Amerikada yaşayan milli fəallara, həmçinin ona qarşı belə bir təhlükənin ola biləcəyini düşünmədiyini bildirib: “Hiss edirəm ki, Amerikanın təhlükəsizlik orqanlarının nəzarəti altındayıq. Bizi qoruyur. 20 ildir buradayam, mənə qarşı bir hadisə və ixtilaf olmayıb. Ümid edirəm ki, bundan sonra da olmayacaq.”

Qeyd edək ki, ABŞ-da mühacir həyatı yaşayan Əhməd Obalı 6 nəfərin hücumuna məruz qalıb və şiddətli şəkildə döyülüb.