Kanada parlamenti 10 min uyğurun ölkəyə gətirilməsi təklifini qəbul edib

Operativtv.com Euronews-a istinadən xəbər verir ki, Kanada Parlamenti Çindən başqa ölkələrə qaçan, lakin geri qayıtması üçün təzyiq edilən 10 min uyğur vətəndaşının qəbul edilməsi təklifini yekdilliklə qəbul edib. Kanadalı deputat Sameer Zuberinin təqdim etdiyi təklif çərşənbə günü səsə qoyulub. Bütün deputatlar təklifin lehinə səs veriblər.

Təklifdə proqramın 2024-cü ildə başlayacağı və Kanadaya gətiriləcək uyğurların xərclərinin Kanada hökuməti tərəfindən qarşılanacağı qeyd olunub. Parlamentin qəbul etdiyi qətnamə məcburi deyil, lakin Trudeau və onun kabineti də bu təklifi həyata keçirməyə hazır olduqlarını nümayiş etdirərək səsverməni dəstəkləyiblər.

Kanadalı qanunvericilər Çinin Sincan bölgəsindəki uyğurlara münasibətini 2021-ci ilin fevralında soyqırım kimi qiymətləndirib. BMT-nin məlumatına görə, uyğur və digər müsəlman azlıqlardan ən azı 1 milyon insan həbs düşərgələrində həbsdədir. İnsan haqları təşkilatları da Çini zorla sterilizasiya və məcburi əməkdə ittiham edir. BMT-nin insan haqları üzrə komissarı Çinin uyğurlarla davranışının insanlığa qarşı cinayət ola biləcəyini deyib.