İsveçrə parlamenti Rusiya pullarının Ukraynaya xərclənməsinə dair qərar qəbul edib

İsveçrə parlamentinin yuxarı palatası – Senat Rusiya Mərkəzi Bankının dondurulmuş aktivlərinin Ukraynanın ehtiyacları üçün xərclənməsinə dair təklifi qəbul edib.

Aşağı palata – Milli Şura bu qərarı 2023-cü ildə qəbul etmişdi.

Senat səsverməsində qərarın leyhinə 21, əleyhinə 19 səs verilib. Daha üç deputat bitərəf qalıb.

Qeyd olunur ki, parlamentin bu qərarı qəbul etməsindən sonra İsveçrə Rusiya pullarının Ukraynanın nəfinə xərclənməsi üçün beynəlxalq hüquq bazasının hazırlanması üzərində işə başlamalıdır.

Rusiya səfirinin reaksiyası

İsveçrə xarici işlər naziri İnyasio Kassis deyib ki, millət vəkilləri hökuməti bu qərarın icrası üçün zəruri hüquqi əsasların işlənməsinə çağırıblar:

"Rusiya beynəlxalq hüququ kobud şəkildə pozub. Bu səbəbdən o vurduğu ziyanın təzminatını ödəməlidir. Hazırda kompensasiya mexanizmlərinə dair beynəlxalq diskussiyalar davam edir və İsveçrə də öz bilikləri, bacarıqları və bu sahədəki təcrübəsi ilə bu prosesin iştirakçısıdr”.

Öz növbəsində Rusiyanın İsveçrədəki səfiri Sergey Qarmonin TASS xəbər agentliyinə deyib ki, “bu ölkədə dondurulmuş Rusiya aktivlərinin Ukraynaya verilməsi qanuna ziddir”.

Bu, rusiyalılаrın İsveçrədəki pullarının çox az bir hissəsidir

Bundan əvvəl verilən xəbərlərdə deyilirdi ki, İsveçrə Ukraynaya müdaxiləyə görə Moskva üzərinə qoyulmuş beynəlxalq sanksiyalar çərçivəsində Rusiyanın 7.7 milyard İsveçrə frankı (8.8 milyard dollar) dəyərində aktivlərini dondurub.

Bu da qeyd edilir ki, sözü gedən məbləğə pul depozitlərindən, istiqrazlardan, səhmlərdən, daşınmaz əmlak və lüks avtomobillərdən gələn gəlirlər də daxildir.

Reuters qeyd edir ki, dondurulmuş məbləğ rusiyalıların İsveçrədəki sərvətinin kiçik bir hissəsini təşkil edir.

İsveçrə banklarında rusiyalıların toplam 150 milyard frank (171 milyard dollar) pulu var.

İsveçrə bundan başqa Rusiya Mərkəzi Bankının 8.4 milyard dollarlıq valyuta aktivlərinin hərəkətini bloklayıb.