Azərbaycan Prezidenti və ABŞ Prezidentinin xüsusi koordinatoru görüşüb

Fevralın 16-da Münxendə Azərbaycan Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən ABŞ Prezidentinin qlobal infrastruktur və enerji təhlükəsizliyi üzrə xüsusi koordinatoru Amos Hoxşteynin görüşü olub.

Bu barədə Azərbaycan Prezidentinin Administrasiyası məlumat yayıb.

Məlumatda deyilir ki, Amos Hoxşteyn COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdırıb.

“ABŞ Prezidentinin qlobal infrastruktur və enerji təhlükəsizliyi üzrə xüsusi koordinatoru hələ 1990-cı illərdən Azərbaycan ilə ABŞ arasında əməkdaşlığı və Xəzər dənizinin karbohidrogen resurslarının dünya bazarına çıxarılmasını ehtiva edən layihələrdə Prezident İlham Əliyev ilə birgə tərəfdaşlığı məmnunluqla xatırladı, Azərbaycanın regionda strateji əhəmiyyətə malik ölkə olduğunu diqqətə çatdırdı”, məlumatda qeyd edilir.

Görüşdə Orta Dəhlizin inkişaf etdirilməsi və Azərbaycanın bu prosesdə rolu müzakirə olunub, COP29 çərçivəsində əməkdaşlıq məsələlərinə toxunulub. Söhbət zamanı həmçinin Azərbaycan-ABŞ ikitərəfli əlaqələrinə dair fikir mübadiləsi aparılıb.

 

Amerikanın Səsi