“Washington Post”: İran Suriyadakı ABŞ qoşunlarına qarşı hücumların yeni mərhələsini planlaşdırır

Operativtv.com APA-ya istinadən xəbər verir ki, bu barədə “Washington Post“ kəşfiyyat rəsmilərinə və sızdırılmış gizli sənədlərə istinadən məlumat yayıb.

Bildirilib ki, Tehran amerikalıların regiondan çıxarılması üçün Rusiya ilə birlikdə daha geniş strategiya üzərində işləyir. Məlumata görə, İran və müttəfiqləri spesifik olaraq ABŞ hərbi nəqliyyat vasitələrini hədəfə alacaq güclü zirehdəlici yolkənarı bombalardan istifadə edə bilən qüvvələr yaradır və onlara təlimlər keçir. İranın bu proksi qruplardan istifadə edərək ABŞ-ın Suriyadakı qüvvələrinə raket və dron zərbələri endirə biləcəyi qeyd olunub.

Əlavə olunub ki, İran ABŞ qoşunlarını hədəfə alacaq silahları zəlzələ üçün göndərilmiş humanitar yardımların arasında gizlədib. Kəşfiyyat məlumatına görə, İranın Qüds Qüvvələrinin rəsmiləri yanvarın sonunda Dəməşqin şərqindəki Dumayr bölgəsində partlayıcı vasitələrdən birinin sınağına nəzarət edib. Məlumata görə, sınaqdan keçirilən partlayıcı vasitə tankın zirehini dələ bilib.