MBH üzvü Şamil Abdulləliyev 3 il müddətinə azadlıqdan məhrum edildi

Martın 7-də Müsəlman Birliyi Hərəkatının daha bir üzvü, keçmiş “Nardaran məhbusu” Abdulləliyev Şamil Adil oğlunun məhkəmə prosesi başa çatıb. Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Şamil Abdulləliyev barəsində CM-nin 234.4.3-cü (külli miqdarda narkotik vasitələrin psixotrop maddələrin alqı satqısı və istehsalı) maddəsi ilə ittiham aktına baxılıb. Hakim Səbinə Məmmədova şahidlərin dindirilməsindən sonra son qərarı elan edib.
O, ittihama uyğun dəlil sübutların olmaması səbəbindən narkotiklərə aid maddəni 234.4.3-dən 234.1-1-ə (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) tövsif edərək Şami Abdulləliyevi 3 il müddətinə azadlıqdan məhrum edib.
 
Xatırladaq ki, Şamil Abdulləliyev 2023-cü il martın 16-da saxlanılıb. O, şiə inanclılarının kütləvi şəkildə narkotik ittihamı ilə şərlənərək həbs edilməsi çərçivəsində tutulub. Şamil Abdulləliyev 2015-ci il Nardaran hadisələri zamanı da saxlanılmışdı. Hadisədə yaralanan Şamil hal-hazırda iki güllə qəlpəsi ilə olduqca çətin hərəkət edir. Çanaq hissəsində qalan qəlpələrın çıxarılması mümkün olmadığı kimi onun yerimə imkanlarında da ciddi problemlər yaradır. Şamil Abdulləliyev 2021-ci ildə əfv sərəncami ilə azadlığa çıxmışdı.
 
Hələ də davam edən həbslər, günahsız inanclıların “təmizlənməsini” həyata keçirir ki, bu sırada MBH üzvlərinin sayı 70-ə yüksəlib.