Lirə rekord həddə düşüb, Şimşek onu xilas edəcəkmi? – Qərb mediası

Operativtv.cim Azadlıq Radiosuna istinadən xəbər verir ki, Rəcəb Tayyib Ərdoğanın seçki qələbəsinin dərhal ardınca, mayın 31-də Türkiyə lirəsi ABŞ dollarına nisbətdə rekord səviyyədə ucuzlaşıb.

Reuters agentliyi 4 rəsmi mənbəyə istinadla yazır ki, Türkiyə iqtisadiyyatının keçmiş rəhbəri, maliyyə bazarları tərəfindən özünün ənənəvi siyasətinə görə yüksək qiymətləndirilən Mehmet Şimşek çox böyük bir ehtimalla Ərdoğanın yeni kabinetinə ya maliyyə naziri, ya da vitse-prezident kimi daxil olacaq.

Ekspertlər bildirirlər ki, bu hadisə Ərdoğanın illərdir davam edən qeyri-ənənəvi maliyyə siyasətindən kəskin dönüşün siqnalı ola bilər.

Lirə bu il 10 faiz ucuzlaşıb

Ərdoğanın maliyyə siyasəti əsasən yüksək inflyasiyaya rəğmən uçot dərəcəsinin ixtisar olunmasına əsaslanır.

Məhz bu siyasət lirənin tənəzzülündə əsas faktor sayılır.

Türkiyənin milli valyutası üç gün dalbadal dəyər itirib və 1.6 faiz ucuzlaşaraq 1 dollara nisbətdə 20.75 lirə həddinə enib.

Bu, il ərzində lirənin 10 faiz ucuzlaşması deməkdir.

Lirənin illik volatilliyi isə mayın 31-də 45.46 faizə yüksəlib. Fenics firmasının məlumatına görə bu ən azı son 10 ildə ən yüksək rəqəmdir.

Bütün nəzərlər yeni kabinetdə

Ekspertlər bildirirlər ki, hazırda bütün nəzərlər Ərdoğanın yeni kabinetinin tərkibinin elan olunmasına yönəlib.

Ərdoğanın bu barədə qərarını ən geci qarşıdan gələn şənbəyədək elan edəcəyi gözlənilir:

KNG Securities agenlyindən Çağrı Kutman Reuters-ə deyib:

"Mən onun (Mehmet Şimşek) maliyyə naziri təyin edilib-edilməyəcəyini bilmirəm, amma maliyyə bazarına dəyişikliyin olacağına siqnal verən hər hansı etibarlı ad deyilməlidir. Hərəkət niyyətdən daha etibarlıdır. Əgər bu vəzifə Şimşekə və ya ona bənzər başqa birisinə tapşırılsa, bu, böyük hərəkət olardı. Bundan sonra bazarın diqqəti yeni iqtisadi komandanın ilk hərəkətində olacaq. Daha ənənəvi siyasətlər olacaq, yoxsa vəziyyət daha da pisləşəcək və ya onlar bundan nə çıxacağını gözləmək üçün vaxt qazanmağa çalışacaqlar?”

Bu ilin ilk rübündə iqtisadi artım, zəlzələnin nəticələrinə, yüksək inflyasiya və bahalığa rəğmən 4.0 faiz təşkil edib. ÜDM də əvvəlki rüblə müqayisədə 0.3 faiz artıb.

Türkiyənin əsas birja indeksi BIST100 0.3 faiz qalxıb.