IDI-nin araşdırması: Azərbaycanda gəlir bərabərsizliyi ölçülüb

Demokratik Təşəbbüslər İnstitutunun (IDI) "Gənc iqtisadçılar” təlimlərinin məzunlarından ibarət araşdırma qrupunun üzvləri Azərbaycanda və dünyada gəlir bərabərsizliyi, eləcə də, onun səbəblərinin ölçülməsi ilə bağlı sənəd hazırlayıb.

Toplum TV xəbər verir ki, tədqiqatda "gəlir bərabərsizliyi” anlayışına nəzəri yanaşma, bu göstəricinin ölçülməsi ilə bağlı metodoloji məsələlər araşdırılıb. 
Araşdırmanın nəticəsinə görə, gəlir bərabərsizliyi əsasən kapital və əmək gəlirləri arasında yaranan qeyri-bərabərlikdən törəyir. 

Tədqiqatın Azərbaycan bağlı gəldiyi nəticələrdən biri Dövlət Statistika Komitəsinin açıqladığı məlumatların həqiqəti tam əks etdirməməsi ilə bağlıdır. Bildirilir ki, Komitə Azərbaycanda bərabərsizliyin minimum səviyyələrdə olduğunu göstərsə də, beynəlxalq araşdırmalar eynisini söyləmir. Beynəlxalq qurumların araşdırmalarına görə, Azərbaycanda varlı və kasıb təbəqənin təhsil xərcləri arasında dörd dəfə, səhiyyə xərcləri arasında isə səkkiz dəfəyə qədər fərq ortaya çıxır.

Tədqiqatda gəlir bərabərsizliyi ilə mübarizə üçün dörd təməl maddənin həyata keçirilməsi tövsiyə olunur:

1. qadınların iqtisadi həyatda iştirakı;
2. məşğulluğun və keyfiyyətli iş yerlərinin artırılması;
3. istedad və təhsil səviyyəsinin artırılması;
4. effektiv yenidən bölgü üçün vergi və transfer sistemləri

Araşdırmada vurğulanır ki, ipoteka faizlərinin və ilkin ödəniş tələblərinin aşağı salınması, eləcə də, yüksək dəyərli lüks mallara əlavə vergilərin tətbiqi mexanizmləri də, gəlir bərabərsizliyinin nisbətən azaldılması vasitələri kimi gözdən keçirilə bilər.

Araşdırma sənədiylə ətraflı şəkildə buradan tanış ola bilərsiniz: Azərbaycanda və dünyada gəlir bərabərsizliyi: səbəbləri və ölçülməsinə yanaşmalar