Ayətullah Sistaninin vasvaslıq edən şəxsə məsləhəti

Operativtv.com Az.shafaqna.com-a istinadla böyük mərcə Ayətullah Əl Üzma Seyid Sistaninin Vasvaslıq (çox şübhə edən şəxs) edən şəxsə məsləhətini təqdim edir.

Ayətullah Sistaniyə ünvanlanan sual və cavabı (məsləhəti) qeyd edirik:

Sual: Vasvasılıq edən şəxsə məsləhətiniz nədir?

Cavab: Vasvasılıq edən şəxsə məsləhət görülür ki, bu xəstəlikdən qurtarmaq üçün özünü islah etsin. Bu, iki mərhələdə həyata keçirilir:
1) Yadda saxlamaq lazımdır ki, bu hal əqli cəhətdən və şəriət baxımından xoşagəlməz sayılır. Çünki insan normal halından çıxıb heç bir mənfəət əldə etmədən qabiliyyət və enerjisini hədər verir. Vasvasılıq əsla pərhizkarlığın bir növü deyil. Müqəddəs İslam şəriətində bu məsələ bəyənilmir. Əksinə, vasvasılıq bir növ insanın dərrakə və düşüncəsinin çatışmazlığı sayılır, çünki ruhiyyə və iradədə olan zəiflikdən (acizlikdən) qaynaqlanır. Hədislərdə deyildiyi kimi, vasvasılıq – xəbis şeytanın vəsvəsələrinə tabe olmaq deməkdir. Demək, insan bunu tam dərk edə bilsə, vasvasılığın həqiqəti onun üçün məlum olar və növbə ikinci mərhələyə yetişməz.
2) İnsan mümkün qədər cəhd etməlidir ki, öz nəfsinə qələbə çalsın, iradəsini öz əlinə alsın, şeytanın onu oynatmasına və aldatmasına imkan verməsin. Həmçinin Allah-taalanın onu vasvasılığı tərk etdiyinə görə qınamayacağına, əksinə, ehtimallara və vəsvəsələrə əhəmiyyət vermədiyinə görə təqdir edəcəyinə tam inansın. Əgər, məsələn, suyun bədən üzvlərindən hansınasa çatıb-çatmadığına şəkk etsə, öz şəkkinə əhəmiyyət verməməli və təharətin gerçəkləşdiyini qəbul etməlidir. Necə ki, adətən belə də olur. Onun belə şəklərə əhəmiyyət verməməsi çox təkrar olunsa, xəyal və vəsvəsələr tədricən öz qüvvəsini itirəcək. Bu gedişatla şeytan ondan ümidini kəsər. O, təharət və nəcasətə riayət etməkdə orta yol tutmuş (ifrat və təfrit etməyən) bir şəxsə çevrilər və əmin olar ki, bu istiqamətdə hərəkət etsə və bu vəsvəsələrlə mübarizə aparmaq qərarına gəlsə, mütləq qələbə çalacaqdır. Allah-taala da ona kömək edər və şeytanın hiyləsini zəiflədər. Kərim Allah buyurur: “Həqiqətən şeytanın hiyləsi zəifdir”.