Avropa ölkələri liderləri Moldovada bir araya gəliblər

Avropa ölkələri liderləri Avropa Siyasi Birliyinin iyunun 1-i baş tutan ikinci sammitinə qatılmaq üçün Moldovanın paytaxtı Kişinyov şəhəri yaxınlığındakı Mimi qəsrinə toplaşıblar. 45 dövlət və hökumət başçılarının, habelə Avropa İttifaqı rəsmilərinin qatıldığı sammitdə Ukrayna müharibəsi, təhlükəsizlik, enerji və miqrasiya məsələri müzakirə edilib.

Ukrayna prezidenti Volodimir Zelenski tədbirin açılış mərasimində çıxış edərək NATO və Avropa İttifaqı ölkələrini Ukraynanın bu qurumlara üzvlüyü istiqamətində aydın qərarlar verməyə çağırıb.

"Bu il qərarlar ilidir. Yayda NATO-nun Vilnüs sammitində Ukraynanın üzvlüklə bağlı açıq dəvətə ehtiyacı var və NATO-ya üzvlük yolunda təhlükəsizlik təminatları lazımdır. Həmçinin, payızda Avropa İttifaqına qoşulmağımızla bağlı aydın və müsbət qərara ehtiyac var", Zelenski deyib.

Çıxış edən digər ölkə liderləri də Ukraynaya dəstəklərini ifadə ediblər. Sammitin gündəliyindəki önəmli hadisələrdən biri də Azərbaycan və Ermənistan liderlərinin görüşüdür. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel, Fransa prezidenti Emmanuel Makron və Almaniya Kansleri Olaf Şoltsun da qatıldığı beştərəfli görüş günün ikinci yarısında start götürüb.

Görüşdən əvvəl mətbuata açıqlama verən Şarl Mişelin görüşün olduqca vacib olduğunu qeyd edib.

"Bir neçə həftə əvvəl Brüsseldə Ermənistan və Azərbaycanın liderləri ilə görüşmək imkanım oldu. Biz müəyyən irəliləyiş əldə etmişik və ümid edirəm ki, bu görüş iki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətində ortaq siyasi iradənin bir daha təsdiqlənməsi üçün fürsət olacaq", Aİ Şurasının prezidenti qeyd edib.

Aİ Şurasının prezidenti Şarl Mişel mayın 30-u Twitter hesabında Kişinyovda Azərbaycan və Ermənistan münasibətlərinin normallaşmasına dair müzakirələrin davam etdirilməsini səbirsizliklə gözlədiyini, müzakirələrin tərəflərin bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörməti yenidən təsdiqləməsi, sərhədlərin delimitasiyası məsələsi üzrə irəliməsi, həmçinin sərhəd bölgələrində risklərin azaldılması üçün vacib olduğunu qeyd edib.

Avropa İttifaqı bir neçə gün əvvəl yaydığı bəyanatında Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesinin son bir ayda intensivləşməsini alqışlayıb.

"Avropa İttifaqı hesab edir ki, danışıqların tempini qorumaq, sülh prosesini riskə atacaq addımlardan, o cümlədən düşmənçilik ritorikasından çəkinmək vacibdir. Çətin münaqişə tarixinə və keçmiş narazılıqlara baxmayaraq, bütün məsələlər yalnız sülh yolu ilə, dialoq yolu ilə həll edilməlidir", bəyanatda vurğulanıb.

Fransa prezidenti Emmanuel Makronun təklifi ilə yaradılan Avropa Siyasi Birliyi Rusiyanın Ukraynadakı müharibəsinə qarşı Avropa ölkələrinin birliyini nümayiş etdirmək məqsədi daşıyır. Avropa Siyasi Birliyinin ilk sammiti ötən ilin oktyabrında Praqa şəhərində baş tutub.

 

Amerikanın Səsi