ATƏT müşahidəçiləri Türkiyədəki seçkiləri tam ədalətli saymayıblar

ATƏT-dən olan beynəlxalq müşahidəçilər Türkiyədə keçirilən prezident seçkilərini tam azad və ədalətli kimi tanımayıb. 

Operativtv.com Toplum TV-yə istinadən xəbər verir ki, bu barədə təşkilatın seçkilərin ikinci turu ilə bağlı hesabatında qeyd olunub.  

Müşahidəçilər təsdiq edib ki, seçkilərin təşkili demokratik qaydalara uyğun olub və seçicilər namizədləri seçməkdə sərbəst olublar. Amma seçki kampaniyasında ayrı-seçkilik xarakterli ifadələrdən istifadə olunub. Burada dövlət mediasının qərəzli olmasından, söz azadlığının məhdudlaşdırılmasından da bəhs edilir. Bu, ATƏT-in fikrincə, namizədlərin qeyri-bərabərsizliyinə və Rəcəb Tayyib Ərdoğana imtiyazların verilməsinə səbəb olub. 

Türkiyədə seçkilərin nəticələri türk lirəsinə də mənfi təsir göstərib. Ərdoğanın qələbəsi elan edildikdən sonra lirə dollar qarşısında 20,05-ə qədər ucuzlaşaraq rekord səviyyəyə düşüb. "Bloomberg" yazır ki, maliyyə sektorunda dünya nəhəngi olan "Morgan Stanley" Xidməti Ərdoğanın pul siyasətini dəyişməyəcəyi təqdirdə lirənin ilin sonuna qədər 29 faiz ucuzlaşacağı barədə xəbərdarlıq edib.

"Bloomberg"-ə danışan maliyyəçilər deyib ki, Ərdoğanın qələbəsi xarici investisiya üçün yaxşı xəbər deyil: "Çox yüksək inflyasiya, çox aşağı faiz dərəcələri və xalis valyuta ehtiyatlarının olmaması bütün aktivlərə təsir edəcək, ona görə də ağrılı böhran baş verə bilər".

Türkiyədə prezident seçkilərinin 2-ci turu mayın 28-də keçirilib. Mərkəzi Seçki Komissiyasının açıqladığı rəqəmlərə görə, 2-ci turda Ərdoğan 52,16%, Kılıçdaroğlu isə 47,84% səs toplayıb.