ABŞ və Səudiyyə Ərəbistanı Sudanla bağlı görüşləri təxirə salıb

ABŞ və Səudiyyə Ərəbistanı Sudan ordusu ilə xüsusi təyinatlılar arasında qarşıdurmanı dayandırmaq üçün Ciddə şəhərində atəşkəs danışıqlarının dayandırıldığını açıqlayıb.

 

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, ABŞ-ın Xartumdakı səfirliyinin sosial media hesablarından paylaşdığı iki ölkənin birgə bəyanatında bu qərarın Sudan Silahlı Qüvvələri və xüsusi təyinatlıların elan etdiyi atəşkəs rejimini pozması nəticəsində qəbul edildiyi bildirilib.

Bəyanatda bu pozuntuların atəşkəsin hədəfi olan humanitar yardımların çatdırılmasına və əsas xidmətlərin bərpasına mane olduğu vurğulanıb. Hər iki tərəfin nəzarətində olan ərazilərdəki anbarların talan edildiyi məlumatı da verilib.

Bəyanatda vurğulanıb ki, Səudiyyə Ərəbistanı və ABŞ humanitar yardımın göstərilməsi və əsas xidmətlərin bərpası üçün konkret addımlar atıldıqdan sonra Ciddə danışıqlarının yenidən başlaması üçün tərəflərlə ciddi işləməyə hazırdır.

ABŞ dövlət katibi Antoni Blinken dünən Vaşinqton administrasiyasınun Sudanda münaqişə edən iki tərəfə qarşı sanksiyalar və viza məhdudiyyətləri ilə Sudana ticarət xəbərdarlığı olmaqla üç addım atdıqlarını elan edib.

Blinken bu addımları Sudan ordusuna və xüsusi təyinatlıların Ciddədə öhdəliklərini yerinə yetirməməsinə cavab olaraq atdıqlarını bildirib.

Xatırladaq ki, Sudanda ordu ilə xüsusi təyinatlılar arasında toqquşmaları dayandırmaq üçün mayın 11-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində tərəflər arasında aparılan danışıqlar nəticəsində “Ciddə bəyannaməsi” imzalanıb.

Bəyannamədə Sudan ordusu və xüsusi təyinatlıların mülki şəxslərə zərər verəcək hər cür hücumdan uzaq duracağı bildirilib və hər iki tərəf üçün Sudan xalqının maraqlarının prioritet olduğu vurğulanıb.

Tərəflər münaqişələrin daimi həlli üçün danışıqları davam etdirərkən, iki dəfə atəşkəs elan edilsə də, onlara əməl edilməyib və qarşıdurmalar davam edib.