1845 məhkumun cəza müddəti azaldıldı

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Baş idarəsində 2018-ci ilin birinci yarımilliyinin yekunlarına həsr olunan əməliyyat müşavirəsi keçirilib.
 
Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Qaynarinfo-ya verilən məlumata görə, müşavirədə Xidmətin Baş idarəsinin, eləcə də tabe qurumların rəhbər heyəti və Ədliyyə Nazirliyinin məsul əməkdaşları iştirak edib.
 
Müşavirədə Penitensiar Xidmətin rəis müavini, ədliyyə polkovniki Oqtay Məmmədov 2018-ci ilin ilk altı ayı ərzindəki fəaliyyətinin yekunlarına dair hesabat məruzəsi ilə çıxış edib. O qeyd edib ki, hesabat dövründə cəza-icra fəaliyyətini tənzimləyən qanunvericilikdə nəzərdə tutulmuş müxtəlif sahələr üzrə uzunmüddətli dövlət proqramlarında, Ədliyyə Nazirliyinin Kollegiya qərarlarında öz əksini tapmış tapşırıqların yerinə yetirilməsi nəzarətdə saxlanıb, Baş idarənin, tabe qurumların maddi-texniki bazasının inkişafına, fəaliyyəinin səmərəliliyinin artırılmasına, nizam-intizamın möhkəmləndirilməsinə, nöqsanların aradan qaldırılmasına xüsusi diqqət yetirilib.
 
Qeyd olunub ki, dövlət başçısının təşəbbüsü ilə 20 oktyabr 2017-ci il tarixdə Cinayət Məcəlləsinə edilmiş dəyişikliklərlə bağlı qəbul olunmuş Qanunun icrası 2018-ci ilin ilk altı ayı ərzində də davam etdirilib.
 
30 iyun 2018-ci il tarixədək penitensiar müəssisələrdə cəza çəkən 5055 məhkum barədə müvafiq sənədlər məhkəmələrə təqdim edilib, 631 məhkum cəza çəkməkdən azad olunub, 1845 məhkumun cəza müddəti azaldılıb, 263 məhkumun cəzaçəkmə rejimi dəyişdirilib.
 
Həmçinin bildirilib ki, 2018-ci ilin 24 may tarixində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə imzalanmış növbəti Əfv sərəncamı 634 məhkuma şamil olunub. Onlardan 607 nəfər azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən azad edilib.
 
Əməliyyat müşavirəsinin yekununda əldə olunan müsbət nailiyyətlərlə yanaşı, fəaliyyətdə nöqsan və çatışmazlıqların da mövcud olduğu qeyd edilib, məhkumların və təqsirləndirilən şəxslərin hüquqlarının daha etibarlı təmini, əməliyyat-axtarış və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, rejim və davranış qaydalarına riayət olunması, qanunsuz əşyaların ötürülməsi və dövriyyəsinin qarşısının alınması məqsədilə preventiv tədbirlərin həyata keçirilməsinə dair müvafiq tapşırıqlar verilib.