Əvəz Zeynallını Dövlət Təhlükəsizliyi Xidmətindən Penitensiar Xidmətin İstintaq Təcridxanasına köçürürlər

Operativtv.com Turana istinadən xəbər verir ki, yanvarın 31-də xural.com saytının təsisçisi, həbsdə olan Əvəz Zeynallının xanımı Məlahət Qisuri Baş Prokurorluğun İstintaq İdarəsinin binası qarşısında növbəti etiraz aksiyasını keçirib.

O, Zeynallanın istintaq təcridxanasından telefonla danışmasına və qohumları ilə görüşünə qoyulan qadağanın ləğvini, evlərində axtarış zamanı götürülən ofis avadanlığının, habelə ailənin övladlarının təhsili üçün nəzərdə tutulan pulların geri qaytarılmasını tələb edir.

Bundan əlavə, Qisuri jurnalistin katarakta əməliyyatı olması üçün şərait yaradılmasını tələb edib. Qisuri bu gün də eyni tələbləri səsləndirib.

Aksiyadan sonra onu İstintaq İdarəsinə, rəis müavini Qasım Məmmədov ilə qəbula dəvət ediblər.

Prokurorluqdan çıxdıqdan sonra Qisuri Turan-a bildirib ki, bu gün həyat yoldaşını Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasından Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına köçürürlər və sabah orada onunla görüşə biləcək.

Sabah Qisuri öz kompüterini, diktofonunu və mobil telefonunu ala biləcək. Lakin pul vəsaitinin qaytarılması  məsələsi həllini tapmayıb.

“Bu pul Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı əsasında Əvəz Zeynallıya təyin edilmiş kompensasiyadır. Amma prokurorluqda deyirlər ki, siz pulu apreldə aldınız və sentyabra qədər xərcləməliydiniz. Arqument yumşaq desək, tutarlı deyil. Biz ailə büdcəsini özümüz idarə edirik və uşaqlarımızın təhsil haqqını ödəmək üçün pul saxlamışıq”, - Qisuri deyib.

Göz əməliyyatına gəlincə, prokurorluqdan bildiriblər ki, bu məsələ qurumun səlahiyyətində deyil. Bununla bağlı Qisuri Penitensiar Xidmətə müraciət etmək niyyətindədir. Həmçinin Zeynallının ev dustaqlığına keçirilməsi barədə vəsatət  verilib.

* Sentyabrın 10-da Vəkil Elçin Sadıqov və “Xural TV” saytının təsisçisi Əvəz Zeynallı rüşvət almaqda şübhəli bilinərək saxlanılıb, sentyabrın 11-də məhkəmə hər ikisini həbs edib.

Sentyabrın 17-də Bakı Apellyasiya Məhkəməsi Sadıqovu ev dustaqlığına keçirib

Sonradan Zeynallıya qarşı Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsi (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri) ilə yeni ittiham irəli sürülüb. Dekabrın 29-da Əvəz Zeynallının həbs müddəti 3 ay uzadılıb.