Taliban hökuməti Pakistanın ittihamlarına münasibət bildirib

Taliban hökuməti Pakistan tərəfinin Pişəvər məscidindəki partlayışda 101 nəfərin ölümü ilə bağlı Əfqanıstanın adının çəkilməsini qınayıb.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, Taliban hökumətinin xarici işlər naziri Əmirxan Müttəqi Pakistan rəsmilərinin son açıqlamalarını qınayıb.

“Əfqanıstanı günahlandırmaq əvəzinə zorakılığın səbəblərini ölkənizin daxilində axtarın”, deyə Müttəqi bildirib.

O, Əfqanıstanın terror mərkəzi olmadığını vurğulayaraq, deyib: “Əgər terror Əfqanıstandan qaynaqlanırsa, Çin, Tacikistan, Özbəkistan, Türkmənistan və ya İrana da təsir edəcək. Bir-birimizi günahlandırmaq əvəzinə əməkdaşlıq etməliyik. Hər iki ölkə qardaşdır və sülh şəraitində birlikdə çalışmalıyıq”.

Qeyd edək ki, Pakistan rəsmilərindən bir qismi Pişəvər hücumunu həyata keçirənlərin Əfqanıstan ərazisindən gəldiyini iddia etmişdilər.