Suriya və İraq əl-Qaim sərhəd keçidindən yüklərin qarşılıqlı daşınmasına başlayıblar

Əl-Qaim sərhəd keçidi vasitəsilə malların daşınmasına dair Suriya-İraq müqaviləsi imzalanıb.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, bazar ertəsi, İraq hökuməti Suriya ilə malların və piyadaların Əl-Qaim sərhəd keçid məntəqəsindən daxil olmasına icazə verdiyini bildirib.

İraqın rəsmi Xəbər Agentliyinin verdiyi məlumata görə, bu barədə əl-Ənbar əyaləti qubernatorunun Sərhəd-keçid işləri üzrə müşaviri və əyalətin Sərhəd Keçidləri Şurasındakı nümayəndəsi Səəd Casim Zaydan əl-Amiri açıqlama verib.

İraq rəsmisi bildirib ki, iki ölkə razılaşmasına əsasən, tərəflər Əl-Qaim sərhəd keçid məntəqəsindən İraqa malların daşınması üçün Suriya avtomobillərinin daxil olması ilə bağlı razılaşıblar.

Əl-Amiri bildirib ki, İraq yük maşınları və avtomobillərinin də Suriya tərəfinə daxil olmasına icazə verilib.

Qeyd edək ki, İraq-Suriya sərhədi İŞİD-in hücumu və koronavirus pandemiyası səbəbindən bağlanmışdı.