Saakaşvilinin məhkəməsi keçirilir

Tbilisi Şəhər Məhkəməsində Gürcüstanın həbsdə olan üçüncü Prezidenti Mixeil Saakaşvilinin məhkəməsi keçirilir.

Operativtv.com APA-nın Gürcüstan bürosuna istinadən xəbər verir ki, sabiq Prezidentin cəzasının təxirə salınması ilə əlaqədar keçirilən bugünkü dinləmədə müdafiə tərəfinin şahidləri dindiriləcək. Mixeil Saakaşvili özü isə iclasda müalicə aldığı klinikadan onlayn qoşularaq iştirak edir. Məhkəmədə çıxış edən Mixeil Saakaşvili durumunun kəskin pisləşdiyini və müalicə alması üçün icazə verilməsini istəyib.

Qeyd edək ki, Mixeil Saakaşvilinin vəkilləri onun cəzasının təxirə salınması və ya cəzadan azad edilməsi üçün məhkəməyə müraciət ediblər. İşə hakim Giorgi Arevadze baxır. Mixeil Saakaşvili vəziyyətinin getdikcə pisləşməsi ilə əlaqədar ötən gün müalicə aldığı klinikada reanimasiyaya yerləşdirilib. Sabiq Prezidentin bədən çəkisinin təxminən 40 faizini itirdiyi bildirilib.