Roma Papası yenidən Laçın yolunu açmağa çağırdı

Papa Fransisk yanvarın 29-da minlərlə dindarla birlikdə Müqəddəs Pyotr meydanında dua edib. 

Operativtv.com Toplum TV - yə istinadən xəbər verir ki, çıxışı zamanı o, növbəti dəfə Laçın yolu ilə bağlı müraciətini təkrar edərək, "Cənubi Qafqazda, Laçın dəhlizində ağır humanitar vəziyyətin" olduğunu bildirib.

“Mən qış çağında özümü bu qeyri-insani şəraitlə üzləşmək məcburiyyətində qalanlara yaxın hiss edirəm. İnsalıq naminə beynəlxalq səviyyədə dinc həll yollarının tapılması üçün səylər göstərilməlidir”, - deyə Papa çıxışında bildirib.

Ermənistan mətbuatının yazdığına görə, Qarabağın ermənilər yaşayan hissəsində humanitar böhran günü-gündən şiddətlənir. Məlumata görə, əsas ərzaq növləri kuponla satılır, dərman qıtlığı var, elektrik enerjisi gündə bir neçə saat  verilir, məktəblər və uşaq bağçaları bağlanıb, Ermənistandan bölgəyə verilən qaz vaxtaşırı kəsilir.

Öz növbəsində Azərbaycan tərəfi yolun bağlanması ilə bağlı iddiaları rədd edir. Rəsmi Bakı bildirir ki, yolun hər iki istiqaməti avtomobillərin hərəkəti üçün açıqdır. Həmçinin Bakı bölgə ermənilərinə humanitar yardım etməyə hazır olduğunu bəyan edib. 

Azərbaycan fəallarının Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyası dekabrın 12-də başlayıb.

Etirazçılar Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazilərdə təbii sərvətlərin qanunsuz istismarına qarşı çıxır, azərbaycanlı mütəxəssislərin mədənlərin monitorinqini aparmasına imkan yaradılmasını tələb edirlər.