Müsəlmanların ikinci imamı Həzrət İmam Həsənin (ə) mövlud günüdür

Bu gün müsəlmanların ikinci imamı Həzrət İmam Həsənin (ə) mövlud günüdür.

SalamNews xəbər verir ki, İmam Həsən ibn Əli (ə) hicrətin 3-cü ilində mübarək Ramazan ayının 15-ci gecəsində Mədinə şəhərində dünyaya göz açıb. O Həzrətin (ə) Seyyid, Sibt, Əmin, Hüccət, Nəqi, Zəki, Zahid və Müctəba kimi ləqəbləri vardır.

Dünyaya gəldikdən 7 gün sonra anası Həzrəti Fatimə (ə) İmam Həsəni (ə) ipək parçaya bükərək Allah Rəsulunun (s) yanına aparır. Həzrət Peyğəmbər (s) uşağın adını "Həsən" qoyur və onun üçün əqiqə qurbanı olaraq bir qoyun kəsir.

İmam Həsən (ə) babası Peyğəmbərin dövründə az yaşayıb. Çünki İmam Həsən (ə) təxminən yeddi yaşında olarkən İslam peyğəmbəri (s) dünyadan köçüb.

İmam Həsən (ə) atası İmam Әli (ə) və anası Həzrət Fatimeyi-Zəhranın (ə) tərbiyəsi altında böyüyüb. Babasının, eləcə də atasının elm məktəbindən faydalanıb. O, Peyğəmbərin (s) nəzərində çox dəyərli və üstün bir uşaq idi. Bir gün Həzrət Peyğəmbər (s) minbərdə söhbət edərkən İmam Həsənin ağlamaq səsini eşidir. Tez minbərdən aşağı düşür, onu ovutduqdan sonra yenidən minbərə çıxır. Camaat bu hərəkəti barədə Peyğəmbərə sual verdikdə, o həzrət (s) belə buyurdu: "Onu ağlayan gördükdə, dözə bilmirəm". Peyğəmbər (s) namazını camaatla birgə qılıb qurtardıqdan sonra İmam Həsəni qucağına alıb belə buyurub: "Hər kim məni sevirsə, Həsəni də sevsin". Başqa bir hədisində isə belə buyurub: "Həsən və Hüseyni sevən məni də sevir, bu iki nəfərlə düşmənçilik edən isə mənimlə düşmənçilik edir. Həsən və Hüseyn cənnət cavanlarının ağasıdır".

İmamın diqqəti cəlb edən yüksək əxlaqi xüsusiyyətlərindən biri də, onun misilsiz infaq və bəxşişləri idi. Tarixçilər yazıb ki, İmam Həsən (ə) iki dəfə bütün sərvətini Allah yolunda xərcləyib, üç dəfə bütün sərvətini iki hissəyə bölərək yarısını özünə saxlayıb, digər yarısını isə Allah yolunda infaq edib. İmam Həsən (ə) bəzi vaxtlar ehtiyacı olan şəxslərə külli miqdarda pul bağışlayardı. Belə ki, bu miqdar pulu bir yerdə bağışlamaq camaatın heyrətinə səbəb olardı.

Həzrət İmam Həsən (ə) atasının şəhadətindən sonra imamətə çatıb. O, həmçinin 6 ay müddətinə xilafət məqamında da olub və müsəlmanların işlərini idarə edib.

Bu müddətdə Əli (ə) və onun övladları ilə qatı düşmən olan, uzun illərdən bəri xilafətə göz dikmiş Müaviyə müharibəyə başlayıb, İmam Həsənin (ə) xilafət mərkəzi olan İraqa qoşun yeridib. İmam ordu başçıları Müaviyə tərəfindən göndərilmiş yüksək məbləğdə pulla satın alınır və ordu içərisinə təfriqə düşür. Nəhayət o Həzrət sülh müqaviləsi imzalamağa məcbur olur və müəyyən şərtlərlə xilafəti Müaviyəyə həvalə edir. Həmin şərtlərdən biri də bu idi ki, Müaviyənin vəfatından sonra xilafət yenidən İmam Həsənə (ə) qayıtmalı, ailəsinin və şiələrin toxunulmazlığı hər bir cəhətdən təmin olunmalı idi. Müaviyə bu yolla islam xilafətini ələ keçirdi. Sonra İraqa daxil oldu, rəsmi və ümumi bir çıxışda sülh maddələrini ləğv etdi və mümkün olan hər bir vasitədən istifadə edərək Əhli-beytə və onun şiələrinə ən ağır işgəncə və təzyiqləri rəva gördü. 

İmam Həsən (ə) on il davam edən imamətinin bütün dövrünü son dərəcə çətin vəziyyətlərdə, ağır və şiddətli hadisələrdə yaşayıb. Onun, hətta öz evində belə təhlükəsizliyi yox idi. Nəhayət 50-ci hicri ilində Müaviyənin sifarişilə zəhərləndirilərək şəhid edilir. Mübarək nəşinin babası İslam peyğəmbərinin (s) yanında dəfn edilməsinin qarşısı da alınır.

Həzrətin mübarək məzarı Mədinənənin Bəqi qəbiristanlığında İmam Zeynulabidin(ə), İmam Məhəmməd Baqir (ə) və İmam Cəfər Sadiqlə (ə) yanaşı yerləşir. Əfsuslar olsun ki, bu gün İmamı yalnız kənardan ziyarət etmək mümkündür. Keçən əsrin əvvəllərinə qədər peyğəmbərin bir çox yaxın səhabəsi və ailəsinin dəfn olunduğu Bəqi qəbiristanlığındakı mövcud olmuş qəbirüstü türbələr və kitabələr dağıdılaraq tanınmaz hala salınıb, sonrakı illərdə isə İmamların dəfn olunduğu əraziyə kənardan sədd çəkilərək ziyarətçilərə maneələr yaradılıb.