“Müdafiə Xətti” Azərbaycanda qeydə aldığı hüquq pozuntuları ilə bağlı 65 saylı bülleteni

“Müdafiə Xətti” İnsan Haqları Təşkilatının yanvar 2023-ci il 8-22 yanvar 2023-cü il tarixləri arasında Azərbaycanda qeydə aldığı hüquq pozuntuları ilə bağlı 65 saylı bülleteni
11 yanvar 2023-cü il. Həkim Adil Qeybulla DİN-in İnzibati Həbs Olunanların Saxlanılma Mərkəzinə gedərək Tofiq Yaqublu ilə görüşüb. Həkimin rəyinə əsasən Tofiq Yaqublu xəstəxanaya köçürülüb. Tofiq Yaqublu quru aclıq elan edib. O, azadlıq hüququnun təmin edilməsini tələb edir.
12 yanvar 2023-cü il. Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədrinin müavini Seymur Həzi Gürcüstana buraxılmayıb. O, “Müdafiə Xətti”nə bildirib ki, Gürcüstana keçərkən “Sarp” Sərhəd-Keçid Məntəqəsində saxlanılıb və Türkiyəyə geri qaytarılıb. Seymur Həzi “Müdafiə Xətti”nin həmtəsisçisi Zaur Əkbərə məlumat verib: “Mən Gürcüstandan Türkiyəyə getmək üçün çıxanda heç bir problem yaşanmayıb deyə indi bu qərarın mənasını anlamıram".
13 yanvar 2023-ci il. Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevə qarşı yeni ittiham elan edilib. O, Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq) ilə təqsirli bilinib. Həmin maddə üzrə B. Hacıyevi 3 ilədək azadlıqdan məhrum etmə gözləyir.
14 yanvar 2023-cü il. Bəxtiyar Hacıyevin rəhbərlik etdiyi İctimai-Siyasi İnstitut Caspian Plaza biznes mərkəzindən çıxarılıb. Həmin ofisdən “Müdafiə Xətti” hüquq müdafiə təşkilatı və ictimai fəal Ziya Quliyevin rəhbərlik etdiyi Hüquqi Təşəbbüslər Mərkəzi də çıxarılıb.
16 yanvar 2023-cü il. Almaniyadan deportasiya olunan müxalif fəal Cəfər Mirzəyev 6 il müddətinə azadlıqdan məhrum edilib.
16 yanvar 2023-cü il. Jurnalist Cəmil Məmmədli Xaçmaz Polis Şöbəsinə çağırılıb və saxlanılıb. İttiham müəyyən deyil.
16 yanvar 2023-cü il. Müsavat Partiyası Mərkəzi Nəzarət-Təftiş Komissiyasının üzvü Rövşən Hüseynov polis tərəfidən saxlanılıb. İttiham bəlli deyil.
18 yanvar 2023-cü il. Gözdən əlillər öz cəmiyyətlərinin qurultayına qatılmaq istədikləri üçün döyülərək polisə aparılıb. Onlar bu gün Prezident Administrasiyası önündə etiraz ediblər.
20 yanvar 2022-ci il. Vəkil Ramil Rüstəmov sosial şəbəkələrdə çəlumat yayıb: “Şirvan Şəhər Polis Şöbəsindəyəm. Hüquqlarını müdafiə etdiyim şəxsi dünən qanunsuz olaraq həbs ediblər. Qohumları bildirir ki, şöbədə ona işgəncə verilib. 40 dəqiqədən çoxdur ki, vəkil orderimi və vəsiqələrimi müstəntiqə təqdim etməyimə baxmayaraq, hüquqlarını müdafiə etdiyim şəxslə görüş hüququmuzu təmin etmirlər”.
20 yanvar 2023-cü il. AXCP üzvü Anar Ərkivan polis tərəfindən saxlanılıb. O, qurama ittihamlar əsasında 30 sutka inzibati qaydada həbs edilib.
20 yanvar 2023-cü il. AXCP üzvü Rövşən Səfərov saxta əsaslarla 30 sutka inzibati qaydada həbs edilib.
20 yanvar 2023-cü il. Müsəlman Birliyi Hərəkatının üzvü Həsən Abbaszadə 30 sutka inzibati qaydada həbs edilib.